Suriyaya qaz ixracı Azərbaycanın enerji siyasətində yeni səhifənin başlanğıcıdır – ŞƏRH

Azərbaycanın qlobal enerji siyasətində yeni bir mərhələnin əsası qoyulur. Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanması ölkəmizin enerji diplomatiyasının daha bir uğurudur. Bu strateji layihənin avqustun 2-dən etibarən işə salınması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin, eləcə də enerji sahəsində uzaqgörən strategiyanın bariz nümunəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, Azərbaycan bu gün 12-dən artıq ölkəyə qaz ixrac edir və Avropa bazarlarında etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda, yeni bazar istiqamətlərinin formalaşması, xüsusilə də Yaxın Şərq regionuna çıxış imkanları ölkəmizin enerji siyasətinin müxtəlif coğrafiyalara istiqamətlənərək şaxələndiyini göstərir. Azərbaycan artıq Avropa ilə yanaşı, Türkiyə üzərindən Suriyaya ixraca başlayıb və İraq bazarı da mümkün perspektivlər sırasındadır. Bu situasiya təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan ciddi əhəmiyyət kəsb edir.
Suriyada yaşanan hakimiyyət dəyişikliyindən sonra dövlətimizin başçısının tapşırığı ilə Azərbaycan nümayəndə heyətinin, o cümlədən Baş nazirin müavini Samir Şərifovun və Xarici İşlər Nazirliyinin təmsilçilərinin bu ölkəyə səfərləri, bərpa və quruculuq ehtiyaclarının yerindəcə öyrənilməsi, Azərbaycanın Suriyaya dəstək verməyə hazır olduğunu ifadə etməsi münasibətlərimizin yeni mərhələyə keçdiyinin göstəricisidir.
“Azərbaycan Prezidenti ilə Suriya keçid hökumətinin Prezidenti arasında əvvəlcə Antalyada beynəlxalq forum çərçivəsində keçirilmiş görüş və ardınca iyulun 12-də Əhməd Əl Şaaranın Azərbaycana işgüzar səfəri çərçivəsində aparılan müzakirələr yeni əməkdaşlıq istiqamətlərini müəyyən edib. Enerji sahəsində, xüsusilə də qaz ixracı kontekstində əldə olunan razılaşmalar ölkələrimiz arasında etimad və qarşılıqlı maraqlar üzərində qurulan tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək.
Suriya nəinki Azərbaycan qazını istehlak edə, həmçinin tranzit ölkə kimi rol oynaya bilər. Suriyanı İordaniya ilə birləşdirən və müharibə zamanı zədələnmiş qaz kəmərinin bərpası region üçün strateji enerji dəhlizinin formalaşmasına imkan yarada bilər. Bu isə Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini reallaşdıra bilər.
Eyni zamanda, Azərbaycanın elektrik enerjisi istehsalı sahəsində artan imkanları ölkəmizə Yaxın Şərq bazarına da enerji ixrac etmək fürsəti yaradır. Bu, Azərbaycanın enerji sektorunda təkcə qaz deyil, elektrik enerjisi sahəsində də regional gücə çevrildiyini təsdiqləyir”, – deyə G.Ağamalı vurğulayıb.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan artıq Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi qəbul olunur. Bu siyasət ölkəmizin Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazla yanaşı, Yaxın Şərqdə də fəal diplomatik və iqtisadi mövqeyə sahib olduğunun göstəricisidir.
Azərbaycanın enerji ixracı sahəsində həyata keçirdiyi bu növbəti uğurlu addım həm ölkəmizin iqtisadi dayanıqlığını artırır, həm də regional sabitlik və əməkdaşlığa töhfə verir, eyni zamanda, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın enerji siyasətində yeni səhifənin başlanğıcıdır.