GündəmXəbərlər

Sülhdən tərəfdaşlığa: Bakı-Vaşinqton münasibətlərində yeni era

“Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə rəsmi səfərə gəlməsi ABŞ və Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir. Bu səfər uzun müddətdən sonra Birləşmiş Ştatlar tərəfindən ölkəmizə həyata keçirilən ən yüksək səviyyəli ziyarətdir”.Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirdi.”Bilindiyi kimi, Bakı və Vaşinqton arasında siyasi əlaqələr Bayden administrasiyası dövründə obrazlı şəkildə ifadə etməli olsaq qopma həddinə idi. Ağ evin bitərəfli qaydada Ermənistanı dəstəkləməsi və anti-Azərbaycan ritorikası fonunda qərəzli yanaşması münasibətlərimizə öz mənfi təsirini göstərirdi. Lakin ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsi ikitərəfli əlaqələrdə yeni bir səhifə açdı. Donald Tramp sələfi Baydendən fərqli olaraq praqmatik yanaşmaya əsaslanan siyasi kurs həyata keçirdiyi üçün Azərbaycanın Cənubi Qafqazdakı rolunu lazımı səviyyədə dəyərləndirdi. Onun vasitəsilə Bakı və İrəvan arasında tarixi razılaşmalar əldə edildi, sülh müqaviləsi paraflandı. Eyni zamanda Bakı – Vaşinqton əlaqələri yenidən inkişaf etməyə başladı”.Millət vəkili əlavə etdi ki, mövcud müsbət tendensiya fonunda Prezident İlham Əliyev və Vensin mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın yeni müstəviyə yüksəldiyini bir daha nümayiş etdirdi.”Dövlət başçısı çıxışında vurğuladı ki, “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. ” Bu ifadələr məhz sülhün yaratdığı müsbət auranın təsdiqidir”.Müsahibimiz bildirdi ki, səfər fonunda Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ölkəmiz üçün yeni fürsətlər pəncərəsi açır:”Süni intellekt, müdafiə və təhlükəsizlik, enerji, nəqliyyat – logistika kimi sahələrdə sıx əməkdaşlıq etmək, xüsusilə, investisiya qoyuluşunun təşviqi ölkəmiz üçün çox ciddi perspektivlər formalaşdırır. Tərəflər qlobal əhəmiyyətli TRIPP layihəsinin tez bir zamanda həyata keçirilməsində maraqlı olduqlarını təsdiq etdilər. Tramp Maşurutu fonunda Orta Dəhlizə diqqətlərin fokuslanması olduqca müsbət haldır. Onun əhəmiyyəti dövlət rəhbərinin çıxışında daha aydın sezilir. “Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir”. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ – Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edərək regionun rifahının yüksəldilməsinə mühüm töhfələr verir. Bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyi və yeni məzmunla zənginləşəcəyi şübhə doğurmur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button