Gündəm

“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin basqını nəticəsində həmvətənlərimizin həyatını itirməsi dərin təəssüf və narahatlıq doğurur”

27 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində bir qrup azərbaycanlının yaşadığı evlərə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin basqını nəticəsində həmvətənlərimizin həyatını itirməsi, xəsarət alması və bir neçə şəxsin saxlanılması xəbəri dərin təəssüf və narahatlıq doğurur.

Bu cür qəbuledilməz zorakılıq aktları hüququn aliliyinə, insan haqlarına və Rusiyanın dövlət nüfuzuna kölgə salır. Rusiyada yaşayan çoxsaylı soydaşlarımızı nəzərə alaraq hadisənin baş vermə forması, insanlara qarşı zorakılıq cəmiyyətimizdə ciddi narahatlığa səbəb olmuşdur. Həyat və sağlamlıq hüququnun pozulması, qeyri-insani rəftar və mülki şəxslərə qarşı zor tətbiqi istənilən situasiyada yolverilməzdir.

Rusiya Federasiyasının aidiyyəti qurumlarını baş verən hadisəni obyektiv və şəffaf şəkildə araşdırmalı, günahkar şəxslərin tez bir zamanda məsuliyyətə cəlb olunmasını təmin etməlidir.

Azərbaycan dövləti öz vətəndaşlarının hüquq və maraqlarını ölkə hüdudlarından kənarda da daim müdafiə edir.

Əsas məqsədimiz Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı etimad və hörmət əsasında inkişafıdır. Lakin bu kimi insidentlər ikitərəfli münasibətlərə kölgə sala bilər. Həm Azərbaycan, həm də Rusiya cəmiyyətində narahatlıq doğuracaq neqativ təəssürat yaradır.

Yekaterinburqda həlak olan həmvətənlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir və saxlanılan şəxslərin hüquqlarının təmin olunacağına inamımızı ifadə edirik.

Günay Ağamalı

Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button