“Qırmızı qızıl”ın bazar problemi

Yüz tonlarla məhsulun sahələrdə çürüməsinin qarşısını necə almaq olar?
Bu il Azərbaycanın əksər pomidor istehsalçıları ciddi bir problemlə üzləşiblər. Əlverişli hava şərtləri bol məhsul əldə etməyə imkan versə də, onun satışı sahəsində böyük çətinliklər meydana çıxıb. Hazırda açıq sahədə pomidor istehsalı üzrə ixtisaslaşmış iki rayonda – Xaçmaz və Masallıda fermerlər məhsula bazar tapmırlar.
Ölkə mətbuatının hazırladığı reportajlardan aydın olur ki, Xaçmaz rayonunda yetişdirilən tonlarla pomidor alıcı olmadığına görə sahələrdə qalıb. Pomidorun qiymətinin kəskin aşağı düşməsi səbəbindən təsərrüfat sahibləri ciddi maddi ziyana uğrayıblar. Rayonun Hülövlü kəndində yerləşən bazarda aparılan müşahidə də vəziyyətin ürəkaçan olmadığını göstərib. Hər il bu vaxt həmin bazarda böyük canlanma yaşansa da, indi orada durğunluq hökm sürür. Bazarın kasadlığından gileylənən təsərrüfat sahibləri bildiriblər ki, keçən illə müqayisədə pomidor çox ucuzlaşıb. Başqa sözlə, ötən il bir yeşiyi (25-30 kq) 15 manata satılan pomidorun hazırkı qiyməti 4-5 manat arasında dəyişir. Pərakəndə satışda isə pomidorun bir kiloqramının qiyməti təqribən 15-17 qəpikdir. Bəzi fermerlər qiymətin kəskin azalması üzündən yetişdirdikləri məhsulu dəyər-dəyməzinə birbaşa konserv zavodlarına satmağa üstünlük verirlər.
Onların fikrincə, qiymətlərin kəskin azalmasının səbəbi pomidorun xarici bazarlara göndərilməsində yaranan çətinliklər, həmçinin builki məhsul bolluğudur. Fermerlər bu vəziyyətin onları ciddi zərərə məruz qoyduğunu bildiriblər. Təsərrüfat sahiblərinin sözlərinə görə, bir hektar ərazidə pomidor becərmək üçün 5 min manatdan çox pul xərclənir. Yetişən məhsulun yığılmasına cəlb olunan hər fəhləyə gündəlik 30 manat ödənilir. Mövcud satış qiyməti isə gəlir götürmək bir yana, heç maya dəyərini çıxarmağa da imkan vermir.
Məsələ ilə əlaqədar Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) “Report”un yerli bürosuna bildirilib ki, rayon ərazisində ümumilikdə 3 min 363 hektar sahədə tərəvəz əkilib. Onun da 2 min 19 hektarını pomidor sahələri təşkil edib. Bu il ötən illərlə müqayisədə məhsul bolluğu qeydə alınıb. Sahibkarlar bazar seçimində və pomidorun satış qiymətini müəyyənləşdirməkdə sərbəstdirlər. Təsərrüfat sahibləri yetişdirdikləri məhsulu daxili bazarlara çıxarmaqla yanaşı, rayonda fəaliyyət göstərən meyvə-tərəvəz emalı zavoduna da təhvil verə bilərlər.
Xaçmaz konserv zavodu pomidorun kiloqramını istehsalçılardan 17 qəpiyə qəbul edir.
Masallının illərdir pomidor əkini ilə məşğul olan Sərçuvar kənd sakinləri – fermerlər də əkib-becərdikləri pomidoru sata bilmirlər. Satışa yararlı olan tonlarla pomidor sahələrdə çürüyərək məhv olur. Fermerlərin sözlərinə görə, adəti üzrə bu il də bolqar sortu olan “Novuçok” əkiblər. Bu sort da əsasən turşu hazırlamaq üçün nəzərdə tutulub.
Məsələ ilə bağlı Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il rayonda 537,5 ha, bu il isə 542 ha sahədə pomidor əkilib, bu da müqayisədə 4.5 ha çoxdur. 2023-cü ildə isə Masallıda 535 hektar sahədə pomidor əkilibmiş. Fermerler hazırda irili-xırdalığından asılı olaraq pomidorun 1 kiloqramını 10-30 qəpik arasında təklif edirlər.
Xaçmaz rayonundan fərqli olaraq Masallıda konserv zavodu olmadığına görə məhsulun xeyli hissəsi sahələrdə çürümək təhlükəsi altındadır.
Onu da qeyd edək ki, Azərbaycanda bol məhsulun satış bazarının olmaması ilk dəfə meydana çıxan problem deyil. 2023-cü ildə də pomidor istehsalçıları belə çətinliklə üzləşmişdilər. Eyni zamanda bu, yalnız pomidor deyil, soğan, çiyələk, sarımsaq və digər məhsullar üzrə də ortaya çıxan problemdir. Və burada əsas məsələ xaricə ixracda hansısa çətinliyin yaranması deyil, məhsulun bol olması, ölkənin ən mühüm bazarı olan Bakı və Abşerona məhsul buraxılışının inhisarlaşmasıdır. Belə ki, hazırda Bakıda pomidorun kiloqramı 70-80 qəpikdən 1,5 manata qədər dəyişir. Paytaxtın 200 km-liyində 10 qəpiyə satılan məhsulun bazarlara 7-8 dəfə baha qiymətə çıxmasının əsas səbəbi bazarların müəyyən qrupların əlində olması, fermerlərin öz məhsullarını həmin bazarlara çıxarmasına imkan verilməməsidir.
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Bəşir Quliyevin “Yeni Müsavat”a dediyinə görə, hazırda ölkənin əsas ixrac bazarı olan Rusiyaya pomidor çatdırılmasında hər hansı problem yoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan 2025-ci ilin yanvar-iyun aylarında 149 milyon 26 min dollar dəyərində 134 min 375 ton pomidor ixrac edib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 8,8 faiz və ya 12 milyon 77 min dollar, miqdar baxımından isə 20 min 129 ton və ya 17,6 faiz çoxdur. Bu isə o deməkdir ki, ixracda çətinlik pomidorun sahələrdə qalmasının səbəbi kimi göstərilsə də, belə problem mövcud deyil.
İki rayonun müqayisəsi göstərir ki, son məhsulun əldə olunması imkanı yaranan rayonda – Xaçmazda istehsalçılar məhsulu aşağı qiymətə də olsa satmaq imkanına malikdirlər – konserv zavodunun timsalında. Masallıda isə bu imkan yoxdur, məhsulun xeyli hissəsi məhv ola bilər. Əsas istehsal rayonlarında son məhsulun əldə olunmasına imkan verən istehsal zəncirinin qurulması fermerləri indiki çətinliklə üzləşməsinin qarşısını alar.
Digər tərəfdən, dünyada uğurla tətbiq olunan bir təcrübənin Azərbaycanda, nəhayət ki, reallaşdırılması zəruridir. Söhbət bol məhsul əldə olunan mövsümdə məhsulun dövlət tərəfindən fermerin müəyyən miqdarda gəlir əldə etməsinə imkan verən qiymətə alınmasından gedir. Bu mexanizm qardaş Türkiyə də daxil olmaqla, kənd təsərrüfatı istehsalına diqqət yetirən əksər ölkələrdə fermerlərin qorunmasının ən uğurlu yolu kimi tətbiq olunur.
DUNYA