1990-NIN 20 YANVAR GÜNÜ.

Ağır sınaqdan keçib, hər vaxt yolu xalqımın,
Çox olubdu ərləri dəli-dolu, xalqımın.
Təkcə matəm günü yox, həm də ulu xalqımın,
Oldu şərəf, şan günü, qeyrət günü, ar günü,
Mindoqquzyüz doxsanın iyrimi yanvar günü!
Azadlığın yolunda axmalıydı bu qanım,
Hamı bir arzudaydı, “ya ölməli, ya qalım”!
Bu millətə yetmiş il hakim olan o,zalım,
Böyük imperiyanın oldu o gün xar günü,
Mindoqquzyüz doxsanın iyrimi yanvar günü!
“Ruhum yaşayar yəqin, qurban olsun bədənim”,
Dedi,-“təki yaşasın azad yurdum, vətənim”.
Şəhid oldu o gecə yüzqırxyeddi ərənim,
Dünyanın bu zülümə o kor günü, kar günü,
Mindoqquzyüz doxsanın iyrimi yanvar günü!
Şəhidlərin matəmi milyon qəlbi dağladı,
Təbriz, Dərbənd ah çəkib,Türkiyə yas bağladı,
Bütün millət birləşib, bu dərdi bir ağladı,
O çovğunlu,şaxtalı, sərt qış günü, qar günü,
Mindoqquzyüz doxsanın iyrimi yanvar günü!
Xiyabanın önündə qoşa məzar qazıldı,
Oldu məzar məzara bir vəfadar, qazıldı.
Bu cahan təqvimində bir tarix də yazıldı,
İlham-Fərizə adlı oldu “aşiq-yar günü”,
Mindoqquzyüz doxsanın iyrimi yanvar günü!
Dəyişəcək fəsillər,ötəcəkdir vaxt,zaman,
Alınacaq qisası,qalmayacaq yerdə qan!
Gələcək nəsillərə çatdıracıq biz hər an,
Azərbaycan yaşayan o gecəni, dar günü,
Mindoqquzyüz doxsanın iyrimi yanvar günü!

14.01.2018.
Müəllif Aqşin Hacızadə