Gündəm

Pərvanə Vəliyeva: Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər iş yerlərində təhlükəsizliyi gücləndirəcək

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Millət vəkili Pərvanə Vəliyeva Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərin iş yerlərində əməyin təhlükəsizliyini artıracağını, risklərin azalmasına və insan həyatının qorunmasına xidmət edəcəyini bildirib. Hörmətli xanım sədr, hörmətli həmkarlar və media nümayəndələri,Əmək Məcəlləsinə təklif edilən mütərəqqi dəyişikliklərdən biri iş yerlərində əməyin mühafizəsinin daha sistemli, nəzarət edilən və məsuliyyətə əsaslanan mexanizmə çevrilməsini hədəfləyir. Bu yeniliklər həm işəgötürənlərin öhdəliklərini artırır, həm də işçilərin təhlükəsiz əmək şəraitində çalışmaq hüququnu gücləndirir.Xüsusilə maddə 219-da zərərli, ağır və yüksək təhlükə mənbəyi olan istehsalat sahələrində çalışan işçilər üçün tələblər əhəmiyyətli yeniliklərdən biridir. Bu kateqoriyaya aid işçilər ən azı üç ayda bir dəfə, digər sahələrdə çalışanlar isə ildə azı bir dəfə əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdır. Təlimlərin məzmunu, müddəti və təlimçilər barədə minimum tələblərin müəyyənləşdirilməsi məqsədəuyğundur.Maddə 220-ə təklif olunan dəyişiklik üzrə istehsalat sahələri olan müəssisələrdə əməyin mühafizəsi tədbirlərinə ayrılan vəsait işçilərin əməkhaqqı fondunun azı 2 faizini, digər müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün isə azı 1 faizini təşkil etməlidir. Bu norma əməyin mühafizəsinin “xərc” deyil, investisiya kimi qəbul edilməsini təşviq edir. Sadə modellərlə əməyin mühafizəsinə qoyulan xərclərdən gələn mənfəətin hesablanması qaydaları müəyyən edilsə, mənzərə tam ortaya çıxar.İstənilən qəza həm işəgötürənə, həm dövlətə böyük xərc gətirir. Hər il iş yerində insanlara dəyən zərər nəticəsində dövlət büdcəsindən sosial təzminatlar, sığorta şirkətləri və əlilliklə bağlı təminatlar üçün böyük miqdarda vəsait sərf olunur. Lakin işəgötürənlərin təhlükəsiz iş şəraiti yaratmasını doğru mexanizmlərlə stimullaşdıra bilsək, milyonlarla manat vəsaitə qənaət etmiş olarıq və bu, büdcəyə əlavə yükün düşməsinin qarşısını alar. Məsələn, yüksək riskli istehsalat şirkətlərindən daha çox, riskləri olmayan və iş qəzaları minimum olan şirkətlərdən isə daha az sığorta vəsaiti yığıla bilər. Bu, avtomobillərin sığortası mexanizmində də tətbiq olunur və təhlükəsizliyi stimullaşdırır.Maddə 223-ə təklif olunan dəyişikliklə, işçilərin sayı 50-dən az olan müəssisələrdə əməyin təhlükəsizliyi funksiyası müvafiq biliyi olan işçilərdən birinə həvalə edilə bilər və ya ayrıca mütəxəssis ştatı yaradılmalıdır. Bu yanaşma SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) prinsiplərinin bütün müəssisələrdə icbari tətbiqini nəzərdə tutan İSO45001 standartına uyğundur.Qanun həmçinin fiziki şəxs olan işəgötürənlərə də şamil olunur. Lakin nəzərə almaq lazımdır ki, əksər mikro-sahibkarlıq subyektlərinin azı 3 işçisi var. 3-4 işçisi olan iş yerində əməyin təhlükəsizliyi xidmətlərinin təşkilinin effekti minimaldır, xüsusilə istehsalat yox, xidmət sahəsindədirsə. Britaniya modelində bu hədd 5 nəfərdən çox qəbul olunur. Təklif edirəm ki, bu maddədə aşağı hədd müəyyənləşdirilsin.Digər bir məsələ terminologiyadır. Qanunda “əməyin mühafizəsi” funksiyası beynəlxalq standartlarda “Occupational safety and health” və ya “Occupational health and safety” kimi ifadə olunur. 2023-cü ildə qəbul edilmiş AR qanununda isə “Əməyin təhlükəsizliyi və gigiyenası” termini istifadə olunur. Tədris materiallarında da bu fəaliyyət “sağlamlıq və əməyin təhlükəsizliyi” kimi ifadə edilir. Ölkə üzrə terminoloji vahidliyi təmin etmək və beynəlxalq standartlara uyğunlaşmaq məqsədilə qanunda “əməyin mühafizəsi” termini “əməyin təhlükəsizliyi” ilə əvəz oluna bilər.Ümumilikdə, təklif olunan dəyişikliklər iş yerlərində təhlükəsizliyin gücləndirilməsinə, istehsalat risklərinin azalmasına və insan həyatının qorunmasına xidmət edir. İnanıram ki, bu qanun iş yerlərində təhlükəsizlik mədəniyyətinin inkişafına böyük töhfə verəcəkdir.LAYİHƏNİ DƏSTƏKLƏYİRƏM, SƏS VERƏCƏM, TƏŞƏKKÜR EDİRƏM!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button