Nəzərlər Çində – İlham Əliyev master-klass keçir

Hazırda dünyanın diqqəti Çinə yönəlib. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) indiyə qədərki ən böyük sammiti keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edir.
“ŞƏT-lə tərəfdaşlıq Azərbaycanın milli maraqlarına uyğun və gələcəyə hesablanmış strateji addımdır”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Parlamentarinin sözlərinə görə, qlobal səviyyədə geosiyasi dinamikanın sürətlə dəyişdiyi, yeni çağırış və təhdidlərin meydana çıxdığı bir dövrdə beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq ölkələrin xarici siyasətində mühüm yer tutur:
“Bu baxımdan, Avrasiya məkanında fəaliyyət göstərən və geniş siyasi, iqtisadi, təhlükəsizlik çərçivəsində əməkdaşlığı təşviq edən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biri kimi önə çıxır. Azərbaycanın bu qurumla əməkdaşlığı həm regional sabitliyə, həm də ölkənin iqtisadi və strateji maraqlarına xidmət edir.
2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilatına sonralar Pakistan, Hindistan, İran və Belarus da tamhüquqlu üzv kimi qoşulub. Hazırda təşkilatın 2 müşahidəçi dövləti, eləcə də Azərbaycan və Türkiyə daxil olmaqla 14 dialoq tərəfdaşı mövcuddur”.
K.Bayramov qeyd edib ki, ŞƏT-ə üzv olan dövlətlərin Avrasiya materikinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini və qlobal ÜDM-in 25 faizini əhatə etməsi təşkilatın siyasi və iqtisadi çəkisini aydın şəkildə ortaya qoyur:
“Bu göstəricilər fonunda, beynəlxalq arenada yaşanan gərginliklər, ikili standartlar və artan geosiyasi qarşıdurmalar şəraitində ŞƏT-in nə dərəcədə önəmli və təsirli bir quruma çevrildiyini təsəvvür etmək çətin deyil. ŞƏT-in əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadın və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, siyasət, iqtisadiyyat, elm, texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm və ekoloji təhlükəsizlik istiqamətlərində səmərəli əməkdaşlığın qurulması, regionda sülh və sabitliyin təmin olunması, həmçinin, ədalətli beynəlxalq siyasi-iqtisadi sistemin formalaşdırılması istiqamətində birgə təşəbbüslərin irəli sürülməsini nəzərdə tutur.
Bu baxımdan, təşkilatda xüsusilə Çin Xalq Respublikasının rolu fərqlənir. Əhali sayına görə dünyada birinci, iqtisadi gücünə görə ikinci olan Çin ŞƏT çərçivəsində aparıcı mövqe tutur. Çinin geniş iqtisadi potensialı təşkilat daxilində ticarət və investisiya əlaqələrinin inkişafında mühüm rol oynayır. 2024-cü ildə Çin ilə təşkilata üzv ölkələr arasında ticarət dövriyyəsinin 2,7 faiz artaraq 512,4 milyard ABŞ dollarına çatması da bu lider rolunun bariz göstəricisidir”.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan ŞƏT çərçivəsində keçirilən müxtəlif tədbirlərə mütəmadi qatılmaqla yanaşı, yüksək səviyyəli təmsilçiliyi ilə də diqqət çəkir:
“Prezident İlham Əliyevin 2022-ci ildə Səmərqənd və 2024-cü ildə Astana sammitlərində iştirakı Azərbaycanın təşkilatla münasibətlərə verdiyi əhəmiyyətin göstəricisidir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevi ŞƏT-in növbəti Tiencin Zirvə toplantısına dəvət etməsi isə bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha sübut edir.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının iclas və forumlarında ardıcıl olaraq fəal iştirak etməklə təşkilatın qərarlarının müzakirəsinə və reallaşmasına öz töhfəsini verir.
Ölkəmiz yalnız siyasi platformalarda deyil, eyni zamanda iqtisadi və humanitar əməkdaşlıq sahəsində də ŞƏT çərçivəsində müxtəlif birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Bununla yanaşı, Azərbaycan beynəlxalq təhlükəsizlik gündəliyində mühüm yer tutan terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transsərhəd təhdidlərə qarşı mübarizə təşəbbüslərində də təşkilatla əməkdaşlıq edir.
Çin Azərbaycanın suveren inkişaf modelini dəstəkləyir. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib. O, ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini dedi, Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu vurğuladı”.
K.Bayramov əlavə edib ki, sentyabrın 1-də Çin Xalq Respublikasının Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş baş tutub:
“Görüşdə liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar.
Hər iki lider Vaşinqton Sammitində əldə edilən müsbət dinamikanı qeyd edərək sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyiblər.

Tiencin şəhərində Prezident İlham Əliyevlə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüş ölkəmizin xarici siyasətdə prinsipial mövqeyinin və dostluq diplomatiyasının bariz nümunəsi oldu. Azərbaycan bu görüşdə bir daha nümayiş etdirdi ki, qardaşlıq və strateji tərəfdaşlıq prinsipləri siyasi və iqtisadi maraqlardan daha üstün tutulur. Prezident İlham Əliyevin Hindistan-Pakistan qarşıdurması zamanı ölkəmizin Pakistana verdiyi siyasi dəstəyi xatırlatması və bunun nəticəsində Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışması barədə verdiyi açıqlama Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, dəyərlərə əsaslanan diplomatiya yürütməsinin göstəricisidir. Bu yanaşma göstərir ki, Azərbaycan yalnız öz siyasi mövqelərini möhkəmləndirmək deyil, həm də qlobal arenada ədalətli və prinsipial mövqe sərgiləməklə beynəlxalq nüfuzunu gücləndirməkdədir.

Azərbaycanın Pakistana verdiyi dəstək həm dövlətlərarası əlaqələrin möhkəmlənməsinə, həm də İslam dünyasında birliyin və həmrəyliyin güclənməsinə xidmət edir. Bu, dövlətimizin regional sabitlik, tərəfdaşlıq və bərabərhüquqlu əməkdaşlıq siyasətinin bir parçasıdır.
Hindistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə mənfi addımlar atmağa çalışması ölkəmiz üçün ciddi təhlükə deyil, çünki Azərbaycan prinsipial mövqeyini qoruyur. Dövlətimizin əsas məqsədi ölkənin milli maraqlarını qorumaq, regional sabitliyi təmin etmək və dost ölkələrlə əməkdaşlığı genişləndirməkdir”.
Deputatın sözlərinə əsasən, Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri artıq təkcə ikitərəfli deyil, həm də regional sabitlik və beynəlxalq əməkdaşlıq baxımından nümunəvi modelə çevrilməkdədir:
“Xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində atılan addımlar Azərbaycanın milli maraqları ilə tam şəkildə üst-üstə düşür. Bu, həm regional, həm də beynəlxalq platformalarda Azərbaycanın mövqeyini daha da gücləndirir və ölkəmizin gələcək strateji hədəflərinə xidmət edir.
Beləliklə, Azərbaycan-Çin münasibətləri təkcə ikitərəfli deyil, həm də regional sabitlik və beynəlxalq əməkdaşlıq üçün nümunəvi modelə çevrilməkdədir”.
Cavanşir ABBASLI
Musavat.com