Millət vəkili Pərvanə Vəliyeva:“Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik qələbəsinin növbəti təsdiqidir”

Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Millət vəkili Pərvanə Vəliyeva ATƏT-in 2025-ci il noyabrın 30-da Minsk prosesinin və ona bağlı strukturların fəaliyyətinə rəsmən son qoyması barədə qərarını Azərbaycan diplomatiyasının mühüm uğuru kimi qiymətləndirib.Deputat bildirib ki, Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra qurumun Nazirlər Şurası tərəfindən qəbul edilmiş MC.DEC/1/25 qərarı əsasında Minsk prosesinin bağlanması sentyabrın 1-dən etibarən icraya başlanıb və tam şəkildə başa çatdırılıb.Pərvanə Vəliyeva qeyd edib ki, ATƏT-ə üzv 57 ölkənin konsensusla bu qərarı qəbul etməsi Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə legitimliyinin və qəbul olunmasının bariz göstəricisidir.Millət vəkili xatırladıb ki, 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə də Minsk Qrupunun ləğvi rəsmən təsdiqlənmişdi. Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək ATƏT-ə birgə müraciət etməyə məcbur qalıb ki, bu da Azərbaycanın diplomatik üstünlüyünü bir daha ortaya qoyur.Pərvanə Vəliyeva vurğulayıb:“Prezident İlham Əliyevin prinsipial və ardıcıl diplomatik siyasəti nəticəsində uzun illər mövcud olmuş, lakin heç bir real nəticə verməyən Minsk qrupu tarixə qovuşdu. Bu, Azərbaycanın diplomatiya tarixində mühüm mərhələ və böyük siyasi qələbədir.”Deputat bildirib ki, sülh prosesinin növbəti vacib mərhələsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və birmənalı şəkildə tanımasıdır. Bunun üçün Ermənistan öz Müstəqillik Bəyannaməsi və Konstitusiyasının Preambula hissəsində mütləq dəyişikliklər etməlidir.Sonda Pərvanə Vəliyeva qeyd edib ki, regionda dayanıqlı sülhün bərqərar olması üçün Azərbaycan tərəfi qətiyyətli mövqeyini davam etdirir.