Natiq Şirinov: “Barəmdə yayılan xəbərlər saxta və yalandır!”

Xalq artisti Natiq Şirinov uzun müddətdir davam edən məhkəmə prosesi ilə bağlı açıqlama verib.
Musavat.com-un məlumatına görə, sənətçi ritm qrupunun keçmiş üzvü Ramil Cahangirovla aralarındakı məhkəmə çəkişməsində uduzması barədə yayılan xəbərlərə bu cür reaksiya verib:
“Son günlər bəzi səhifələrdə guya mən, Natiq Şirinov, məhkəmədə uduzmuşam kimi saxta paylaşımlar edilib. Bu məlumat tamamilə yalandır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli rəsmi qərarına əsasən: “Qavaldaş nağara” təsviri sənət əsərinin müəllifi və hüquq sahibi kimi mən, Natiq Şirinov, tanınmışam. Məhkəmə yalnız “üzr istəmə” bəndini ləğv edib. Qalan bütün hissələr – cərimə, Qavaldaşın məhv edilməsi və müəlliflik hüquqlarının bərpası qüvvədə saxlanılıb. Mən susuram, çünki ədalət artıq danışıb. Həqiqət gizlədilə bilər, amma inkar edilə bilməz. Ədalət heç vaxt susmur, sadəcə doğru anı gözləyir. Mən bu sənət əsərini şəxsi mənfəət üçün yox, xalqın ritmini yaşatmaq üçün yaratdım. Bu əsərdən faydalanmaq istəyən hər kəs qanuni və etik çərçivədə, icazə ilə istifadə etməlidir. Çünki sənət mülkiyyət deyil, məsuliyyətdir”.
Xatırladaq ki, bir neçə gün Ali Məhkəmə nağaraçıların işində son qərarını elan edib. Natiq Şirinov keçmiş qrup üzvünə qarşı maraqlı iddia irəli sürmüşdü. O, Ramil Cahangirovu ona məxsus “qavaldaş nağara” əsərindən qanunsuz istifadə etməkdə ittiham edirdi.
Xalq artisti həmkarından üzr istəməsini və 55 min manat təzminat ödəməsini tələb etmişdi. İşə əvvəlcə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə iddianı əsassız sayaraq rədd edib. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Natiq Şirinovun iddiasını qismən təmin edib.
Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qaval daşı məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.
Ramil isə qərarla razılaşmayıb, bu əsasla kassasiya şikayəti verib. Ali Məhkəmənin çıxardığı qərara əsasən, “cavabdehin iddiaçıdan üzr istəməsi hissəsində ləğv edilir və həmin hissədə yeni qərar çıxarılmaqla üzr istənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın”.