Cəmiyyət

MAHİRƏ NAĞIQIZI POEZİYASINDA YERLİ DANIŞIĞIN POETİK NƏFƏSİ

Azərbaycan ədəbiyyatı tarix boyu milli yaddaşın, xalq ağrılarının və itirilmiş torpaqların daşıyıcısı olmuşdur. Müasir poeziyada bu missiyanı layiqincə yerinə yetirən şairələrdən biri də Mahirə Nağıqızıdır. Onun şeirləri sadəcə duyğusal lirika yox, həm də Qərbi Azərbaycanın itirilmiş yaddaşının poetik salnaməsidir.Mahirə Nağıqızı poeziyasında istifadə olunan dialekt sözlər əsasən Qərb bölgəsinə (Qazax, Ağbaba, Borçalı və s.) aid şivə xüsusiyyətlərini əks etdirir. Bu sözlər həm məzmun baxımından fərqlilik yaradır, həm də poetik dili canlandırır. şeirlərində Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, ruhani və mənəvi vətən obrazıdır. Şairənin şeirlərindəki şivə və dialekt sözləri (məsələn, qaramat, yığbal, ləvin-ləvin) məhz Qərbi Azərbaycana xas olan danışıq xüsusiyyətləridir. Bu sözlər vasitəsilə Mahirə Nağıqızı öz yurduna, onun insanlarına və mədəniyyətinə dil vasitəsilə can verir.Bu cür dialekt sözlərinin istifadəsi Mahirə Nağıqızının şeirlərinə xüsusi rəng qatır və oxuculara dilimizin zənginliyini hiss etdirir:

Öyün, Nağıqızı,öyün,

Ruhun deyil ləlöyün.

Şər vəd edər löyün-löyün,

Haqq olana bağlı mənəm.

“Ləlöyün” sözü Qərbi Azərbaycan bölgəsinə məxsus duyğusal, məcazi danışıq tərzidir.Mənası kontekstə görə “kənar, zahiri görünüş”, “qeyri-səmimi, ruhsuz” anlamını ifadə edir. “Ruhun deyil ləlöyün” ifadəsi – “Sənin əsasın, varlığın içdən gələn ruhdur, zahiri görünüş yox” fikrini ifadə edir.Bu, ruh–bədən, mahiyyət–forma qarşılaşdırmasıdır və şairənin dərin mənəvi mövqeyini göstərir.Bu misrada löyün-löyün sözü “yavaş-yavaş, asta-asta” anlamında işlənmişdir. Şər, pislik təmkinlə, hiylə ilə yaxınlaşır, özünü gizlədərək vəd verir.Ləlöyün sözü Başkeçid, Borçalı şivələrində
 lələvin şəklində işlənir:  – Ə:ləlöyün kimi noluf soxulursaη aşa (Borçalı). Ləvin-ləvinsözü Culfa şivəsində  ləvinbələvin şəklində işlənir.Məs.: – Burda ləvin-ləvin qəysilərolurdu.Ağbaba, Cəbrayıl şivələrində “növ, cür” mənalarını ifadə edir. – Hər ləvin xörəy yaxşı olmur (Ağbaba); – Hər ləvin xörəy pişirmişdik (Cəbrayıl), Çənbərək, Laçın şivələrində“xasiyyət” mənasını ifadə edir: -Gülüşə naxartana köməy eləsəηiz də ləvini düz gəlməz (Çənbərək),Meğri şivəsində“sifət, üz” mənasında: – Kö:nə kişilərin ləvininnən nur yağe:rdi.

Bəzi xalq bayatılarında, laylalarda və ya nəğmələrdə bu tip təkrirli ifadələr olur ki, onlar mənadan çox səslənmə və duyğu üçün istifadə edilir:

Ləvin-ləvin əsməgil,

Qəlbim yaman dağılır.

“Ləvin-ləvin” — söz yaradıcılığı baxımından canlı, poetik və obrazlı bir ifadədir.Dəqiq mənası kontekstdən çıxarılır: sakit, zərif, kədərli mənalarını ifadə edir.

Mahirə Nağıqızının poeziyası dialekt və şivə elementlərinin poeziyada necə təbii və güclü işlədilə biləcəyinə nümunədir. Onun şeirlərindəki bu dil qatları sadəcə lüğəvi forma deyil, eyni zamanda bölgə ruhunun, xalqın nəfəsinin, poetik duyğunun ifadəsidir. Bu, həm milli ədəbiyyatın zənginləşməsinə, həm də bölgələrin dil mədəniyyətinin yaşadılmasına xidmət edir.

Mahirə Nağıqızının şeirlərində dialekt sözlərinin istifadəsi onun poeziyasına xüsusi rəngarənglik və orijinallıq qatır. Xüsusilə, Qərbi Azərbaycan bölgəsinə aid dialektlərə şeirlərində tez-tez rast gəlinir. Məsələn, “yamşaq” sözündə “u” səsinin “a” ilə əvəzlənməsi fonetik xüsusiyyət olaraq diqqəti cəlb edir. Bəzən danışıqda “yamşıx”, “yamışaq” kimi formalar da eşidilir, lakin bunlar daha lokal variasiyalardır.

Kəsilmək bilmir ki, saz havasında,

“Cəngi”nin səsidir dinən, oyadan.

Əyricə yaylağı yamşaqnan durur,

Papaq yelləyirlər Qaraqayadan.

Bundan əlavə, şairənin “Gələydim” şeirində “ələyəz” (yeməli yabanı bitki adı) kimi dialekt sözlərinə rast gəlinir:

“İtburnunu dərmək üçün çırmanım,

Zirinc kolu gözoxşayan ormanım.

Əvəliyin, ələzəzin dərmanım…”

Bu cür dialekt sözlərinin istifadəsi Mahirə Nağıqızının poeziyasına dərin məzmun və milli ruh qatır, eyni zamanda oxuculara zəngin dilimizin müxtəlif çalarlarını tanıdır.

Hər ağla gələnlər yığbala gəlməz,

Haqdan gəlməyəni yığ bala,gəlməz.

Sevənin günahı babala gəlməz,

Ürəyə can verən qanı vətəndir!

Bu misrada dialekt sözləri obrazların duyğusal dərininə enməyə və oxucunun şairin yaşantılarına ortaq olmasına imkan yaradır.Mahirə Nağıqızının yaradıcılığında dialektlər sadəcə dil ünsürü yox, poetik obrazlar qurmaqda mühüm vasitədir. Şairənin dili sadə, səmimi və xalqla qaynayıb-qarışmışdır.Belə yaradıcılıq nümunələri müasir poeziyada milli ruhu yaşadır.Qərb dialektlərində iqbal sözü yığbal kimi tələffüz edilir, ərəbcədir, istiqbal sözü iləqohumdur.  “Yığbal” sözü Azərbaycan dilinin tarixi-ləhcə qatına və ya qədim türk dillərinə aid edilə biləcək bir ifadə kimi səslənir. Lakin müasir ədəbi dildə və geniş tanınan tarixi mənbələrdə bu söz çox yayılmış və ya standart bir leksik vahid deyil.

• Yığ – “toplamaq”, “yığmaq” mənasında işlənən kökdür. Qədim türk dillərində də bu formada işlənirdi.

• Bal – iki mənası ola bilər: ya “bal” (şirin məhsul), ya da qədim türk dillərində “uşaq”, “övlad” mənasındadır. “Yığbal” sözünün mənşəyi ilə bağlı mühakimə aparanda, bu söz qədim türk dillərinə əsaslanan birləşmə kimi görünür.Beləliklə, “Yığbal” qədim türk mənşəli birləşmədir.

Şairənin mənsub olduğu bölgənin dili ilə poeziya arasında körpü qurulur.Oxucu mətnlə danışıq dilində ünsiyyət qururmuş kimi hiss edir.Mahirə Nağıqzı dialektləri poetik imzasının bir hissəsinə çevirir.Şairənin şeirlərində şifahi xalq ədəbiyyatı ilə ədəbi dil arasında əlaqə qorunur.

Qaramat basıb kəndimi, oba yox,

El də tərk eləyib, oba da yox…

Bu yurdun ağacı, daşı, torpağı,

Deyir: “Gəl, qayıt, ay dədə oğlu…”

 “Qaramat basıb kəndimi” – burada “qaramat” sözü həm Qərbi Azərbaycan dialekti ilə poetik emosiya yaradır, həm də yurdun halını qaranlıq, bədbəxtlik içində göstərir.Qaramat sözünün mənası əsasən mistik, qeyri-adi, fövqəltəbii güc, bəzən isə uğursuzluq gətirən bir hal kimi yozulur.İslam mistikası və sufizmdə isə “qaramat” (ərəbcə karāmāt – kəramətlər) möcüzəvi hal, Allah tərəfindən vəli bəndələrə (övliyalara) verilən fövqəltəbii güc mənasındadır.

Şairənin şeirində işlənən  “xatircəm” sözü vaxtiləklassiklərimizin dilində işlənən leksik vahid olmuşdur.

Əlimin qabarı, alnımın təri,

Köksünə atdığım bircə dən olsun.

Canımı verərəm səndən ötəri,

Ruhum sağlığınnan xətircəm olsun.

 “Xatircəm olmaq” — rahatlanmaq, qəlbi sakit olmaq, daxili narahatlığın aradan qalxması deməkdir.”Xatir” — ərəb mənşəli söz olub, “qəlb”, “daxili hal” mənasını verir. “Cəm” — yığılmış, toplanmış deməkdir. Burada məcazi anlamda “yerində olan”, “sakit”, “tənzimli” mənasında işlənir.Yəni “xatircəm” — qəlbi yerində olan, rahat olan şəxs deməkdir.

Xatircəm eylə məni, ey pəri, bir könül ilə,

Kim mənim könlüm təmam incimədir qəmlərdən (M.Füzuli)

“Ərşi-kürş” ifadəsi Azərbaycan dilində bədii və emosional üslubda işlədilən qədim ifadələrdən biridir və xalq danışığında, eləcə də klassik və müasir ədəbiyyatda təsadüf olunur.Nəsimi və Füzuli poeziyasında bu tip ifadələr adətən ilahi sevgi, mənəvi yanğı, Tanrıya yaxınlıq, dərdin ucalığı kontekstində işlədilir.“Ərşi-kürşə qalxmaq”, “ərşi-kürşü titrətmək” – bu kimi ifadələr dərin hissi, ilahi dərd və vəcd halını göstərir.

Nədir,Tanrımın balası,

Yer üzünə gələn adam?

Ay canım varsa,alası,

Ərşi-kürşü bilən adam.

Ərş – İslam mifologiyasında Tanrının taxtı, göyün yeddinci qatıdır.Kürş / kürsi – Qurani anlayışla Tanrının hökmranlıq məkanı, göylərin və yerin üzərindəki qüdrətdir.Ərşi-kürşə qalxmaq / titrətmək – fəryadın, dərdin, sevgiliyə yanğının Tanrı səviyyəsinə çatacaq qədər böyük olduğunu göstərir.

Naləmdir ərşi-kürşü titrədən,

Qədrimi bilməz fələk nadan imiş.(İ.Nəsimi)

Mahirə Nağıqzı dialekt sözlərdən sadəcə bölgə dili kimi yox, poetik təsir vasitəsi kimi istifadə edir.Şairə yaradıcılığında həm Qərbi Azərbaycan dialektlərinə xas olan, həm də müxtəlif zonalara məxsus dialektlərdən bəhrələnmişdir.

Uzaq ölkələrdən yükünü vurub,

Bərələr gözləyir İdil çayında.

Belə ki, “bərə” sözü Qarakilsə, Qazax, Şəki, Tovuz dialekt və şivələrində müxtəlif mənalarda uişlnir.Məs.: “su arxının keçməsi üçün çəpərin altında düzəldilmiş yer, deşik: – Su korranıf bərədən keşmiyir (Şəki); “qoyunları sağmaq üçün düzəldilən yer, keçid (Qarakilsə, Qazax, Tovuz):- Qoyun savaxları bərədən gəlerdi (Qazax); – Qoyunu bərəyə göndərin (Qarakilsə); “sahilə yaxın dayaz yer” (Göyçay): – Gəmini dünənnənbərədən aparıblar, “kiçik arx”. – Adə, bösdü dayi, bərəni bağliyun, püştəni su apardı ki (Bakı); – Bü:n bərəni qazıb qutardım (Ucar); Bərə gəzdirmeg (Bakı) – suvarmaq, əkin yerinə su vermək. – Mömə qurban, bir ho:r bərə gezdürün gəlün (Bakı).

Şairənin yaradıcılığında rast gəldiyimiz  “havara gəlmək”feili“ özünü itirmək, qəzəblənmək” mənasında Meğri şivəsində,Salyan dialektində “divan tutmaq, döymək”, havar təpbəx’ Şahbuz, Şərur şivələrində “səs salmaq” mənasını ifadə edir. Məs.: – Bizim canımıza düşübsüz, havala gəlirsiz.. Havala verməg (Salyan) – salışdırmaq. – Bı zırramanı nə havala vermisüz mə:m canıma?

Türk türkün qədrini bilməsə,

Haya, havara gəlməsə,

Türkmanın qəlbi gülməsə,

Hər köyüm Kərkükdü,hocam.

Bu sətrdə xalq dilində nida (“haya”) ilə həyəcan, ağrı, fəryad halı (“havara gəlmək”) vəhdətdədir. Yəni, türkün halı elə bir hala gəlib ki, bu acı qarşısında təbiətən insan havara gəlməlidir. “Haya”, “havara gəlmək” – emosional vurğu yaradır

Mahirə Nağıqızı yaradıcılığında “qayım-qayım” kimi dialekt və şivə tərkibli sözlər emosional dərinlik yaratmaq, obrazın halını canlandırmaq və oxucuya xalq dilinin ruhunu çatdırmaq üçün işlədilir. Bu cür sözlər onun şeirlərində xüsusi təsvir vasitəsi kimi çıxış edir.

Bulaq idi qayım-qayım çağlayan,

Sısqalaşdı, oldu ürək dağlayan.

Həsən kimi qardaş verib ağlayan,

Vətən deyib, nə zamandan qocaldı.

“Qayım-qayım” – burada adi “səs-küylü çağlamaq”dan fərqli olaraq, sakit, duru, öz içindən gələn bir ritmlə, dərin və aramla çağlamağı bildirir.Bu bulaq daşqın yox, sabir və dayaz sükutla axan, baxdıqca düşündürən bir bulaqdır.“Qayım-qayım çağlayan” – dərindən, səssiz-sədasız, amma dayanmadan axan bir duyğu, kədərdir. Bu misralarda “qayım-qayım baxmaq” ifadəsi ağır həsrət, dərin gözlənti, sözsüz dərd mənasında işlənir. Xüsusilə Qərbi Azərbaycan ləhcəsində bu cür ifadələr xalqın keçirdiyi köç, hicran, ayrılıq duyğularını çox aydın və təsirli çatdırır.

Beləcə onunla qalıb baş-başa,

Keçdik bu illəri səf-səfə keçdik.

Qəlbdə qalanları yazıb yaddaşa.

Yaddaşın yolundan min dəfə keçdik.

 “Səf-səfə keçmək” – bəzən çətinliklə, bəzən ard-arda, fasiləsiz keçən günləri ifadə edir.Burada vaxtın axarı və insanın dözümü birlikdə verilir. “Səf-səfə” ifadəsi Azərbaycan dilində dialekt və şivələrdə işlənən maraqlı bir deyimdir. Bu söz “dalbadal”, “ard-arda”, “ardıcıl olaraq” mənasını verir və daha çox xalq danışığında, xüsusilə də Qərbi Azərbaycan, Naxçıvan, Şirvan və Tovuz-Şəmkir bölgələrinin şivəsində yayılmışdır.Məs.:- Səf-səfə üç il aj-susuz dolandıx bu yəylaxda. Naxçıvan dialektində “saf-saf”, “safə-safə” kimi fonetik dəyişikliklərlə istifadə olunur. Şirvan və Muğan şivələrində“sıra-sıra”, “dalbadal” sözlərinin yanında səf-səfə də deyilir: -Səf-səfə toylar oldu bu ay.(Yəni toylar ard-arda gəldi.)

 “Səf” — kökü ərəb mənşəlidir, “sıra, düzülmə” mənasını verir. “Səf-səfə” — təkrarlanan formada işlənərək təkrarlılıq, ardıcıllıq mənasını daşıyır.Bu söz xalq dili vasitəsilə ədəbi dilə keçmiş və xüsusilə poetik dildə obrazlı ifadə kimi yer almışdır.

Tanrım üz qoyduğum

Tək xasıma kömək olsun.

Anaların bala adlı

Dünyasına kömək olsun.

Bu ifadə daha çox Qərbi Azərbaycan, Borçalı, Naxçıvan və Tovuz-Qazax bölgələrinin şivəsində işlənir.Xas – ərəb mənşəli sözdür, “özəl”, “seçilmiş”, “mənə məxsus” mənasını verir.Xasım – bu mənada “mənim öz adamım”, “seçilmiş dostum”, “ən doğmam” anlamına gəlir.Bəzi bölgələrdə “ürək adamı”, “qəlb yoldaşı”, “sirdaşı” kimi də başa düşülür. Kəlbəcər–Laçın–Zəngəzur şivəlıri üçün xarakterikdir.Bu bölgələrdə “xasım” ifadəsi əsasən dərin münasibəti, təklikdə güvəndiyi şəxsi bildirir.Məs.:- Dərdimi bir tək xasıma deyirəm, başqasına yox;- Tək xasıma qismət olsun, başqasına dəyməsin.

“Xas” sözünə –ım (–im, –um) şəkilçisi artırılmaqla yaranan “xasım” forması isə, Azərbaycan dilinin xalq danışığında, xüsusilə də dialektlərdə formalaşmış bir ifadədir. Bu formada o, “mənim öz adamım”, “doğma sirdaşım”, “qəlbimə yaxın olan şəxs” mənasını qazanır.Mahirə Nağıqızının şeir dilində bu söz emosional, səmimi və milli ruhlu kontekstdə işlədilir.

Mahirə Nağıqızının poeziyası Azərbaycan xalq ruhunun, milli-mənəvi dəyərlərin və doğma torpağın birbaşa bədii təcəssümüdür. Onun şeirlərində işlənən dialekt və şivə sözləri yalnız leksik rəngarənglik yaratmaqla qalmır, həm də poetik mətnə canlılıq, doğmalıq və emosional dərinlik bəxş edir. Qərbi Azərbaycanın ağırlıqlı şivəsinə məxsus söz və ifadələr vasitəsilə şairə, həm öz keçmişinə bağlılığını, həm də milli kimliyini qoruyub yaşatmaq idealını poeziyada bərqərar edir.Bu baxımdan, Mahirə Nağıqızının şeirlərində dialektlər bədii-estetik funksiyaya malik olmaqla yanaşı, xalq danışıq dilinin poetik imkanlarını üzə çıxarır və Azərbaycan ədəbi dilinin zənginliyinə töhfə verir. Onun yaradıcılığı, ədəbi dil ilə şivə arasında körpü rolunu oynayaraq, dilimizin müxtəlif qatlarını poeziya içində harmonik şəkildə birləşdirir. Şivə və dialekt vasitəsilə şairə oxucusuna daha yaxın olur, daha səmimi və doğma duyğular yaradır. Bu da poeziyanın təsir gücünü artırır, onu süni deyimlərdən və şəhərləşmiş ədəbi normadan uzaqlaşdıraraq xalqın ruhuna uyğunlaşdırır. Mahirə Nağıqızının şeirlərində dialektlər vasitəsilə bir bölgənin – Qərbi Azərbaycanınyaddaşı, duyğusu, təbiəti və tarixi poetik çalarlarda əks olunur. Bu, onun poeziyasını bir növ etnoqrafik və dilçilik mənbəyinə çevirir. Eyni zamanda, Mahirə Nağıqızının şeir dili göstərir ki, ədəbi dil daim inkişafda olan, xalq danışığı ilə təmasda formalaşan canlı bir sistemdir. Onun poeziyasında dialektlər yalnız dilin bir ünsürü deyil, mədəni kimlik, torpaqla bağlılıq, qürbət həsrəti və milli mövcudluğun poetik təzahürüdür.Mahirə Nağıqızının şeirləri Azərbaycan ədəbi dilinin inkişafında, onun müxtəlif ləhcə və şivə qatlarının poeziyaya inteqrasiyasında əhəmiyyətli mərhələlərdən birini təşkil edir. Şairənin bu yöndəki fəaliyyəti həm dilçilik, həm də ədəbiyyatşünaslıq sahəsində araşdırılmağa və dəyərləndirilməyə layiqdir.

Yusifova Fidan Elxan qızı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

“Azərbaycan dilçiliyi” kafedrasının müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button