İrəvandan Bakıya həddi aşan ittiham – reaksiya

Azərbaycan üçüncü ölkənin ordusunu Zəngəzur dəhlizinə yerləşdirmək istəyib? – iki rəy
“Bizdə belə təəssürat yaranıb ki, aylarla və illərlə davam edən danışıqlarda Azərbaycan tərəfi bu əraziyə (Qərbi Zəngəzur – red.) hansısa ekstraterritorial dəhliz əlamətləri verməyə çalışıb”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən həftəsonu Almaniyanın “Deutsche elle” nəşrinə müsahibəsində deyib.
“Məsələn, Azərbaycan üçüncü ölkənin silahlı qüvvələrinin bu dəmir yolunda yerləşdirilməsini tələb edirdi. Yadımdadır ki, onlar Rusiya qoşunlarının dəmir yolu boyunca yerləşdirilməsindən danışırdılar. Bu, təbii ki, bizim üçün qəbuledilməz idi. Heç bir dəhliz söhbəti yoxdur, “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” var”, – o qeyd edib.
Lakin Mirzoyan ən azından bunu unudur ki, Ağ Evdə imzalanan birgə bəyannamədə Naxçıvana maneəsiz keçid ifadəsi yer alıb. Bu da elə dəhliz məntiqi deməkdir.
Baş nazir Nikol Paşinyan isə bu arada bəyan edib ki, Ermənistan və ABŞ arasında “Tramp Marşrutu Layihəsi” üzrə danışıqlar beynəlxalq hadisələrlə əlaqədar ləngiyib. “Avqustun 8-də biz Vaşinqtonda ABŞ ilə razılığa gəldik. Daha sonra prezident Donald Tramp və onun administrasiyasının bilavasitə iştirak etdiyi Ukrayna və Yaxın Şərq ətrafında gərginlik yarandı. Eyni komanda TRIPP layihəsi üzərində işləyir, ona görə də bu hallar, şübhəsiz ki, prosesin sürətinə təsir edir”, – Paşinyan bildirib. Onun sözlərinə görə, hazırda layihə məzmunun hazırlanması mərhələsindədir. “Biz layihənin məzmunu üzərində işləyirik. Müxtəlif komponentlər masa üzərindədir və onlar vahid sənəddə birləşdiriləcək. Bu, istənilən iri layihə üçün normal iş prosesidir”, – hökumət başçısı əlavə edib.
Həm Mirzoyan, həm də Paşinyan nəyə işarə vurur? Zəngəzur dəhlizi gecikə bilərmi? Yaxud Bakı gerçəkdənmi dəmir yolu boyu rus hərbçilərinin yerləşməsində israr edib? Hərçənd 10 noyabr (2020) üçtərəfli sənədin 9-cu bəndinə görə, dəhlizin məhz Rusiyanın nəzarətində olması yer alırdı. Bu bənd qüvvədən düşdümü, yoxsa…

Qabil Hüseynli
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Mirzoyan Azərbaycana şər atır və baş nazir Paşinyanın 5 il əvvəl imza atıb razılaşdığı faktı indi təhrif edir. Onun sözlərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Zəngəzur dəhlizinə yerləşməsinə o zaman Paşinyan razılıq vermişdi və 9-cu bənddə göstərilib: “Bu ayrı məsələdir ki, Ermənistan üçtərəfli sənəddən imtina edib. Paşinyan 10 noyabr sənədinin elə 10 noyabrda qaldığını açıqlayıb. Biz də buna etiraz etmirik. Azərbaycan üçtərəfli razılaşmanın əsas bəndlərini özü həyata keçirdi, Rusiya və Ermənistan yerinə yetirmədi. Bizim üçün vacib olan dəhlizin açılmasıdır. İrəvan bunu kimin nəzarəti altında həyata keçirəcəksə, öz işidir. Azərbaycandan Azərbaycana keçidin təmin olunması vacibdir. Əgər Amerika şirkətinin bölgəyə yerləşməsinə razılıq verilibsə, bu da Ermənistanın öz seçimidir. Yəni Rusiya və ABŞ arasında ikinci üstün tutulub. Ona görə də Mirzoyan bizi şərləyə bilməz ki, guya Azərbaycan Zəngəzur dəhlizinə rus qoşunları yerləşdirmək istəyib. Bu, öz məsuliyyətini başqasının üzərinə atmaqdır. O zaman Paşinyan qol çəkib, razılıq verməyəydi”.
Professor dəhlizin reallaşmasının gecikməsinə gəlincə, bu məsələdə geosiyasi faktorları nəzərə almağı vacib sayır. Onun sözlərinə görə, ABŞ bütün hallarda dəhlizin işə düşməsinə kömək edəcək: “Bu yaxınlarda amerikalı nümayəndələr Cənubi Qafqaza səfər etmişdi və işin texniki detalları araşdırılır. Zəngəzur koridoru həm siyasi, həm iqtisadi, həm də texniki-logistik layihədir. Bu qlobal bir proyektdir və Orta dəhlizin bir parçasıdır. Ona görə də açılmaması mümkün deyil. Sadəcə, geosiyasi amillər təsir edir və Paşinyanın da söylədiklərində həqiqət payı var”.

Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli güman edir ki, dəhlizlə bağlı ciddi əngəl yoxdur, sadəcə, Rusiyanın da maraqlarının nəzərə alınması müzakirə edilə bilər. Onun fikrincə, Moskva dəhlizə nəzarəti itirdiyini qəbul etsə də, orada iştirak payını gözləyir və bu məsələni Tramp hakimiyyəti ilə müzakirə etməsi mümkündür: “Ermənistan da Rusiyanın bu yoldan istifadə edə biləcəyini söyləyib. Yəni dəmir yolu ilə yüklər Azərbaycandan keçməklə Rusiyaya daşınacaq. Ümumiyyətlə, Rusiya və İran bu dəhlizdən faydalana bilər. Amma nəzarət Amerikada olacaq”.
Partiya rəsmisi dəhlizə rus qoşunlarının yerləşdirilməsinə 5 il əvvəl Ermənistanın razılıq verdiyini xatırladıb və Mirzoyanın bu məsələdə yalan danışdığını vurğulayıb: “Mirzoyanın bu quru böhtanı göz qabağındadır. Paşinyan sənədə qol çəkəndə görmürdü ki, dəhlizə rus hərbçiləri yerləşəcək? İkincisi, erməni mediası blef edir və saxta xəbərlər tirajlayırdı ki, Azərbaycan Ordusu guya dəhlizə girəcək, zorla koridoru açacaq, sonra Rusiyaya təhvil verəcək. Bəs nə oldu, Mirzoyan? Bu da yalan çıxdı. Ümumiyyətlə, Ermənistan dəhliz məsələsində hər iki qərarı özü verib. Əvvəlcə rusa, sonra amerikalıya təhvil verib. Bu da İrəvanın “iki stulda əyləşmək” siyasətindən irəli gəlir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”