
20 Yanvar 1990-cı il – Azərbaycan xalqının yaddaşına dərin iz qoymuş, milli həmrəylik və azadlıq uğrunda mübarizənin simvolik tarixi günüdür. Bu faciəli gecədə Sovet ordusunun Bakıya hərbi müdaxiləsi nəticəsində günahsız insanlarımız həyatını itirdi, minlərlə soydaşımız yaralandı, lakin Azərbaycan xalqının azadlıq və müstəqillik əzmi sarsılmaz qaldı.Bu qanlı gecədə şəhid olan qəhrəmanlarımızın xatirəsi bizlər üçün daim bir örnəkdir. Onlar yalnız bir xalqın azadlıq eşqini qorumaqla kifayətlənməyib, eyni zamanda gələcək nəsillərə vətənpərvərlik və vətən sevgisi dərsi verdilər. 20 Yanvar həm də Azərbaycanın dövlətçilik yolunda atdığı möhkəm addımların, xalqın birliyinin simvoludur.Bu gün biz onların xatirəsini yad edərkən, şəhidlərimizin qanı ilə yoğrulmuş azadlıq və suverenlik uğrunda əbədiyyətə qovuşmuş mübarizəyə hörmətimizi bildiririk. Hər birimiz onların qəhrəmanlığı və fədakarlığı qarşısında baş əyir, gələcək nəsillərə həm vətən sevgisini, həm də milli birlik ruhunu aşılamalıyıq.20 Yanvar – yalnız ağrı və kədərin günü deyil, həm də Azərbaycan xalqının iradəsinin, qəhrəmanlıq tarixinin və azadlıq məfkurəsinin simvoludur. Biz bu tarixdən ilham alaraq ölkəmizin tərəqqisi və inkişafı yolunda daha möhkəm addımlar atmalı, şəhidlərimizin xatirəsini daim uca tutmalıyıq.
Sərdar Qasımov, Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin müdür müavini
