Xəbərlər

Minlərlə qəhrəman övladımız şəhidlik zirvəsinə ucalaraq torpaqlarımızı azad etdi. Onların hər biri xalqımız üçün qürur mənbəyidir

27 sentyabr- Anım Günüdür

27 sentyabr Azərbaycan tarixində təkcə müharibənin başlanması günü kimi deyil, həm də milli iradənin, xalqımızın haqq işindəki möhkəm birliyinin simvolu kimi tarixə düşüb. 2020-ci ilin məhz həmin günündə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyatlar 44 gün davam edərək ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələndi və Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həlli təmin olundu. 27 sentyabr tarixi artıq rəsmi şəkildə Anım günü kimi qeyd edilir, həmin gün şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramla həsr olunur.
Azərbaycan torpaqlarının işğalı XX əsrin sonlarından başlayaraq xalqımızın üzərinə böyük faciələr gətirmişdi. 1988-ci ildən etibarən Ermənistanın əsassız ərazi iddiaları nəticəsində ölkəmizə qarşı təcavüz başlandı, nəticədə Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal olundu. 1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımı bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi yadda qaldı. İşğal nəticəsində bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, on minlərlə insan həyatını itirdi, şəhər və kəndlərimiz yerlə-yeksan edildi, tarixi abidələr, məscidlər, qəbiristanlıqlar dağıdıldı. Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquq normalarına tamamilə zidd idi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənmiş, erməni silahlı birləşmələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdi. Lakin bu sənədlər kağız üzərində qalaraq icra olunmadı. ATƏT-in Minsk Qrupunun uzun illər davam edən vasitəçilik missiyası da nəticəsiz oldu. Ermənistan status-kvonu möhkəmləndirməyə, yeni işğal planları həyata keçirməyə çalışdı. Nəhayət, 2020-ci ilin sentyabrında Ermənistan ordusunun təxribatları Azərbaycanı haqq savaşına başlamağa məcbur etdi.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu həm peşəkarlığı, həm döyüş ruhu, həm də müasir texnologiyalardan səmərəli istifadə bacarığı ilə fərqləndi. Bayraktar TB2 pilotsuz uçuş aparatlarının tətbiqi müharibənin gedişatına strateji təsir göstərdi. Eyni zamanda Azərbaycan xalqı misilsiz birlik nümayiş etdirdi, cəbhə ilə arxa cəbhə birləşdi, insanlar könüllü şəkildə orduya dəstək verdi, gənclər cəbhəyə yollandı. Dövlətin siyasi rəhbərliyi qətiyyətlə hərbi-siyasi prosesi idarə etdi, diplomatik meydanda Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı.
Müharibə ərzində hərbi əməliyyatlar ardıcıl uğurlarla davam etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad olunması ilə yanaşı, Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızın dalğalanması böyük rəmzi məna daşıyırdı. Oktyabrın ortalarında Zəngilanın azad olunması ilə Azərbaycan İranla dövlət sərhədinin tam nəzarətini bərpa etdi. Şuşa döyüşləri isə müharibənin taleyini həll edən ən mühüm mərhələ oldu. Qədim şəhər 8 noyabrda azad edildi və Ali Baş Komandan İlham Əliyev həmin gün xalqımıza böyük Zəfər müjdəsini verdi.
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla Ermənistan kapitulyasiyaya məcbur oldu. Azərbaycanın şanlı qələbəsi bütün regionda yeni geosiyasi reallıq yaratdı. Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda beynəlxalq hüququn aliliyini təmin etdi. Bu qələbə Azərbaycan xalqının tarixində əbədi olaraq qalacaq bir zəfərdir.
Ancaq qələbənin bünövrəsi şəhidlərimizin qanı ilə qoyuldu. Minlərlə qəhrəman övladımız şəhidlik zirvəsinə ucalaraq torpaqlarımızı azad etdi. Onların hər biri xalqımız üçün qürur mənbəyidir. Qazilərimiz göstərdikləri igidliklə müharibə salnaməsinə adlarını qızıl hərflərlə yazdılar. 27 sentyabrın Anım günü kimi qeyd olunması da məhz onların xatirəsini əbədiləşdirmək, qəhrəmanlıqlarını nəsillərə ötürmək məqsədi daşıyır.
Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Azərbaycan dövləti “Böyük Qayıdış” proqramını həyata keçirir, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün şərait yaradır. Zəngilan, Füzuli, Cəbrayıl Laçın, Ağdam, Xocalı, Kəlbəcərə artıq ilk köçlər başlayıb. Yeni şəhərlər salınır, müasir infrastruktur qurulur, hava limanları tikilir. Bu, şəhidlərimizin ruhuna ən böyük ehtiramdır, çünki onların mübarizəsi məhz azad, firavan və güclü Azərbaycan uğrunda idi.
27 sentyabr xalqımız üçün həm hüznün, həm də qürurun günüdür. Bu gün biz şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Bu gün biz həm də anlayırıq ki, müstəqillik və ərazi bütövlüyü sadəcə şüar deyil, minlərlə qəhrəmanın qanı bahasına qorunan müqəddəs dəyərdir. Anım günü bizə həm də bir daha göstərir ki, xalqımız birlik və həmrəylik içində olduqda onun qarşısında heç bir güc dayana bilməz.
Azərbaycan xalqı 27 sentyabr tarixini daim ehtiramla yad edəcək. Bu gün həm milli yaddaşın möhkəmləndiyi, həm də gələcək nəsillərə vətən sevgisinin, mübarizlik iradəsinin ötürüldüyü bir gündür. 27 sentyabr Anım günü dövlətçiliyimizin, milli birliyimizin və qəhrəmanlıq irsimizin əbədi rəmzi olaraq tariximizdə qalacaqdır.

Teymur Həmidov – Bərdə şəhər Şəhid Alı Mustafayev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button