Maraqlı

Göyçəli eloğlumuz, professor Ənvər Rza oğlu Bayramovun həyat yolu

Ənvər Bayramov

Ənvər Rza oğlu Bayramov 15 avqust 1939-cu ildə Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Atası Rza Bayram oğlu İsmayılov 1941-ci ildə Böyük Vətən Müharibəsində həlak olmuş, anası Sura Hüseyn qızı İsmayılova isə övladlarını tək böyütmüşdür.

İbtidai təhsilini Basarkeçər rayonunun Balaməzrə kənd orta məktəbində almış, deportasiya nəticəsində 1952-ci ildən təhsilini Tərtər rayonunun Cəmilli kənd orta məktəbində davam etdirmiş və 1957-ci ildə həmin məktəbi bitirmişdir. 1958–1961-ci illərdə Nuxa Toxuculuq Texnikumunda təhsil almış, texnikumu fərqlənmə diplomu ilə bitirmişdir.

1961-ci ildə Daşkənd Toxuculuq İnstitutunun mexanika fakültəsinə qəbul olunmuşdur. Təhsil aldığı müddətdə “Uzbekxlopkomaş” zavodunda frezerçi, qrafika kafedrasında laborant, “Tadjikteksilmaş” zavodunda isə mühəndis-konstruktor vəzifələrində çalışmışdır. İnstitutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirərək Özbəkistan SSR EA Mexanika İnstitutunun aspiranturasına qəbul olunmuşdur.

Ənvər Bayramov sürtünmə qüvvəsi və ilkin deformasiyanın öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparmış, bu mövzuda yeni ölçü cihazları layihələndirmişdir. “Sürtünmə qüvvəsinin və ilkin deformasiyanın təyin olunması üçün cihazların mexanizmlərinin nəzəri əsaslarının işlənməsi” mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə etmişdir. O, atom şüalarının materialların sürtünmə əmsalına təsirini öyrənən ilk alimlərdən biri kimi tanınır.

1971-ci ildən Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Gəncə filialında fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə hazırlanmış darayıcı maşınların yeni daraq mexanizmi istehsalata tətbiq olunmuş və böyük iqtisadi səmərə vermişdir.

1972-ci ildə institutda ilk elmi-tədqiqat konfransının təşəbbüskarı olmuşdur. 1976-cı ildən fakültə dekan müavini, 1979-cu ildən mexanika fakültəsinin dekanı, 1981–1982-ci illərdə isə tələbə qəbulu üzrə komissiyanın məsul katibi olmuşdur.

1984–1994-cü illərdə SSRİ və Rusiya Federasiyası Təhsil Nazirlikləri yanında fəaliyyət göstərən materialların müqaviməti, inşaat mexanikası və elastiklik nəzəriyyəsi üzrə elmi-metodiki şuraların üzvü olmuşdur.

1992-ci ildən mexanika kafedrasının professoru, 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 1996-cı ildən yüngül sənaye üzrə mexanika-texnologiya fakültəsinin dekanı, 1999-cu ildən isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Elmi-pedaqoji fəaliyyətinə görə 1991 və 1999-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur. 2000-ci ildən universitetdə təlim-tərbiyə işlərinin təşkili ilə bağlı müxtəlif komissiyalara rəhbərlik etmiş, birləşmiş metod şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir.

30.03.2015 tarixdə haqq-dünyasına qovulmuşdur
Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button