Forum yeni əməkdaşlığa yol açır

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Hər dövrün öz çağırışları vardı. Azərbaycanın bu çağırışların reallıqda öz əksini tapması üçün irəli sürdüyü təşəbbüsləri həyata keçirmək üçün göstərdiyi səylər beynəlxalq səviyyədə təqdir edilir. Martın 12-14 tarixlərində Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Budəfəki Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak etdilər. XIII Qlobal Bakı Forumunda “Qlobal təhlükəsizlik və güc tarazlığı: Beynəlxalq hüquqa hörmət. Yeni məsələlər, yeni çağırışlar”, “Çoxtərəflilik böhran içində: Qlobal əməkdaşlığı yenidən düşünmək”, “BMT 80+”, “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”, “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə”, “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı”, “Afrika bu gün və sabah”, “2030 gündəliyinin sürətləndirilməsi: İnklüziv inkişaf və davamlı əlaqəlilik”, “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası”, “Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər”, “Beynəlxalq sisteminin yenidən qurulmasının axtarışında” mövzularında panellər təşkil olundu. Forum çərçivəsində keçirilən sessiyalar parçalanmış mövcud mənzərənin müxtəlif sahələrdə – hərbi güc, iqtisadi məcburiyyət, enerji asılılığı, texnoloji imkanlar, informasiya nəzarəti və strateji təchizat marşrutlarında necə təzahür etdiyini araşdırdı. Müzakirələr, həmçinin yeni formalaşan sahələrin – kritik minerallar, təmiz enerji infrastrukturu, rəqəmsal bağlılıq və qabaqcıl texnologiyaların zəif tərəfləri necə dərinləşdirdiyini və dövlət siyasətini necə mürəkkəbləşdirdiyini nəzərdən keçirdi.
Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəizliyinin təmin edilməsində rolundan danışdı. Vurğuladı ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il – düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək. Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır. Münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır. İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır.
Dövlət başçısı İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik məkanına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. Cənab İlham Əliyev Forumdakı çıxışında bir daha bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir. Mərkəzin fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir: “Deyərdim ki, qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər”.