Əsəd devriləndən bəri bir milyona yaxın suriyalı evinə dönüb

Bəşər Əsəd rejiminin devrilməsindən ötən 9 ayda Suriyadan qaçan 850 minə yaxın vətəndaş qonşu ölkələrdən geri qayıdıb. Musavat.com xəbər verir ki, məlumatı Associated Press (AP) BMT nümayəndəsinə istinadən yayıb. Ali Komissarın Qaçqınlar üzrə müavini Kelli Klements AP-yə bildirib ki, 14 ildir davam edən qarşıdurma zamanı didərgin düşmüş suriyalıların təxminən 1,7 milyonu öz evlərinə qayıdır.
Agentliyin məlumatına görə, yaxın bir neçə həftə ərzində Suriyaya qayıdan qaçqınların sayı 1 milyona çata bilər: “Geri qayıdanların sayı olduqca yüksəkdir”.
Suriyalı qaçqınların əksəriyyəti hazırda dünyada adambaşına ən çox qaçqın düşən ölkə olan Livandadır. Bundan əvvəl Livan hakimiyyəti qanunsuz suriyalı miqrantlara ölkəni tərk etmələri üçün avqustun sonuna qədər vaxt verib.
Klements əlavə edib ki, iyun ayında hökumət qüvvələri ilə druz döyüşçüləri arasında baş verən toqquşmalar səbəbindən Suriyanın cənubunda daha 190 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, bir neçə həftədir bağlanmış Dəməşq-Sveyda magistral yolu indi açıqdır, “bu, çox vacibdir, çünki bu, əraziyə daha çox humanitar yardımın daxil olmasına imkan verəcək”.
Musavat.com