Sentyabrın 19-u ürəklərdə əbədi yaşayan görkəmli alim, professor və nəcib insan Aida xanım İmanquliyevanın anım günüdür.

Görkəmli alim, tanınmış şərqşünas, istedadlı tərcüməçi və pedaqoq Aida xanım İmanquliyeva əvəzolunmaz şəxsiyyətlərdən idi. Onun həyatı və zəngin yaradıcılıq yolu ilə tanış olduqda, haqqındakı xatirələri oxuduqda qarşımızda sadə, humanist, yüksək mənəvi dəyərlərə sahib, mədəni və iradəli bir ziyalı obrazı canlanır. Mənalı və dolğun ömrü Aida xanımı xalqımızın yaddaşına qibtə ediləcək bir şəxsiyyət kimi həkk etmişdir. Milli köklərə sadiq olan bu nəcib qadın xalqının rifahı, maariflənməsi və dövlətinin tərəqqisi naminə yorulmadan çalışmış, həyatını bu müqəddəs amal uğrunda səmərəli şəkildə sərf etmişdir.
Aida xanım İmanquliyeva yalnız Azərbaycan elminin parlaq nümayəndəsi deyildi, həm də övladlarına aşıladığı yüksək əxlaq və mənəvi dəyərlərlə xalqımıza örnək oldu. Onun tərbiyə etdiyi övladlar, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, dövlətimizin inkişafı naminə yorulmadan çalışan Mehriban xanım Əliyeva və elm, təhsil və ictimai fəaliyyət sahəsində mühüm xidmətləri ilə tanınan professor Nərgiz xanım Paşayeva bu gün Aida xanımın əbədiyaşar ideyalarını, nəcib amalını uğurla davam etdirirlər. Mehriban xanım öz fəaliyyətində milli-mənəvi dəyərlərə sədaqət, sərhəd tanımayan xeyirxahlıq və humanizm nümunəsi sərgiləyərək müasir Azərbaycanın inkişafına əvəzsiz töhfə verir. Nərgiz xanım isə filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü olaraq həm elmi mühitdə, həm də təhsil sahəsində qurucu fəaliyyəti ilə tanınır və ziyalı qadın obrazını daha da zənginləşdirir.
Aida İmanquliyevanın həyatı və yaradıcılığı hər bir azərbaycanlı üçün mənəviyyat, kamillik və müdriklik örnəyidir. Onun əsərləri dəfələrlə nəşr olunmuş, tərcümə edilərək dünyaya yayılmış, ideya və amalları isə gənc nəsil üçün həmişəlik bir örnək olmuşdur. Bu gün onun xatirəsinə həsr olunan müsabiqələr, araşdırmalar və əsərlər alimin elmi irsinin yaşadığını sübut edir. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları gerçəkləşmişdir. Respublikamız İslam dünyası ilə yalnız elmi və mədəni deyil, həm də ən yüksək səviyyədə siyasi və iqtisadi əlaqələr qurmuşdur. Bu proseslərdə Aida xanımın vaxtilə irəli sürdüyü ideyalar, onun elmi irsi bu gün də yaşayır və dövlətimizin inkişafına xidmət edir.
Onun həyatı sübut etdi ki, qadın yalnız ailədə deyil, həm də elm və ictimai həyatda mühüm rol oynayaraq xalqının tərəqqisinə, dövlətinin qüdrətinə əvəzsiz töhfələr verə bilər. Aida xanım İmanquliyeva bu mənada Azərbaycan qadınının elm, mədəniyyət və diplomatiya sahəsindəki rolunun parlaq nümunəsidir.
Qısa, amma son dərəcə mənalı və şərəfli ömür yaşayan Aida xanım İmanquliyeva həyatın bütün sınaqlarından alnıaçıq çıxmış, elm və mənəviyyat sahəsində dərin iz qoymuşdur. Onun nurlu xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.
Aida xanım İmanquliyevanın zəngin elmi irsini, ailə dəyərlərini və yüksək şəxsiyyətini dərin ehtiramla xatırlayır, onun əziz xatirəsini böyük məhəbbətlə yad edirik.
Fəxrlə deyə bilərik ki, bu gün Aida xanımın ruhu şaddır. Çünki onun qoyub getdiyi nəcib əməlləri yaşadan, yolunu davam etdirən övladları və nəvələri var
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər üzrə Nümayəndəsi Günel Cəfərova