Cəmiyyət

Dəniz mövsümü sonuncu gün də can aldı – qorxulu statistika

Aqşin Əlili: “Kütləvi maarifləndirməyə baxmayaraq, hələ də bəzi vətəndaşlar nəzarətsiz ərazilərdən istifadə edirlər”

Çimərlik mövsümünün son günü də faciə ilə yadda qaldı. Avqustun 31-də Novxanı çimərliyində 6 yaşlı uşaq dənizdə batıb. 2019-cu il təvəllüdü Turqut Ozal oğlu Mehtiyev dənizdə çimərkən boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Təkcə 2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdə baş verən sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 21 müraciət (5-i qadın, 16-sı kişi cinsli olmaqla) daxil olub.

Ümumən isə xeyli insan dənizdə boğulub. Hələ çayda, göldə, kanalda boğulanları nəzərə alsaq, 3 ayın dəhşətli statistikası ortaya çıxar.

Göründüyü kimi, çimərlik mövsümünün hətta son günü də 6 yaşlı uşağın canını aldı. 

Bu məsələdə yalnız valideyn günahkardırmı? Bu faciələr dərs olmalı deyilmi və gələn il üçün hansı ön tədbirlər gücləndirilməlidir? 

FHN-İN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, tərəfindən hər il çimərlik mövsümünə hazırlıqla bağlı zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir: “Bu tədbirlərin icrası mərhələli şəkildə ictimaiyyətə təqdim olunur. Xatırladım ki, bu il də çimərlik mövsümünə sayılı günlər qalmış nazirlik tərəfindən görülən təhlükəsizlik tədbirləri ilə bağlı geniş mediatur təşkil olunmuşdu. Həmin mediaturda demək olar ki, bütün KİV nümayəndələri iştirak etdi və ictimaiyyətə FHN tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, biz hər zaman olduğu kimi vətəndaşlara müraciət edirik və bu gün də bir daha vurğulayırıq ki, çimərlik seçimində diqqətli olmaq lazımdır. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini göstərir və belə yerlərdən istifadə olduqca təhlükəlidir”.

Çimmək üçün nəzarət olunmayan ərazilərdən istifadə etməyin"

Aqşin Əlili

Aqşin Əlili təəssüflə qeyd edib ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşlar nəzarətsiz, qeyri-çimərlik ərazilərdən istifadə edirlər: “Xüsusilə bölgələrimizdə çimərlik olmayan suvarma kanalları, süni göllər, su arxları, su anbarları və digər su hövzələrindən uşaqların və yeniyetmələrin valideyn nəzarətindən yayınaraq istifadə halları müşahidə olunur ki, bu da acı nəticələrə səbəb olur.

Qeyd edim ki, nəzarətsiz və qeyri-çimərlik ərazilərdəki su hövzələri mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər təhlükəli xüsusiyyətlərə malik olduğundan, onlardan istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Statistik məlumatı diqqətinizə çatdırmaq istərdim ki, cari ildə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Xilasetmə xidmətinin xilasediciləri tərəfindən 65 nəfər suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Qeyd edilməlidir ki, xidmətin nəzarət etdiyi çimərliklərdə bu il ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər bir daha sübut edir ki, yalnız xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdən istifadə etmək və həmin ərazilərdə tətbiq olunan təhlükəsizlik qaydalarına mütləq şəkildə riayət etmək həyati əhəmiyyət daşıyır”.

Onu da əlavə edək ki, Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı aşağıdakıların qadağan olunduğunu bildirir:

– Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

– küləkli havada dənizə girmək;

– çimərlikdə gecələmək;

– sərxoş halda çimərlikdə olmaq;

– suda kobud hərəkətlər etmək;

– çimərlikdə balıq tutmaq;

– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq.

Bundan başqa, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

Mütəxəssislər qeyd edir ki, vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar. Belə ki, statistikaya əsasən, suda boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkənlərin 90, 6-7 dəqiqə sonra isə 1-3 faizini həyata qaytarmaq mümkündür.

Çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədə alma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. hallar səbəb ola bilər.

Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağ ciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır. Belə halla üzləşən zaman qaydalara əməl etməklə zərərçəkəni xilas etmək olar.

Suda boğulanı xilas edərkən üzərək ona arxadan yaxınlaşmaq lazımdır, çünki bəzən boğulanın təlaş içində qeyri-iradi olaraq onu xilas edəndən tutması işi çətinləşdirir və təhlükə yaradır. Yardım göstərərkən suya baş vurmaq və boğulanın əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzünə qalxmaq lazımdır. Bu zaman yardım göstərən sərbəst qalanda əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir. Boğulanı sahilə çıxarandan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilməlidir.

Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır. Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarılandan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başıaşağıya meyilli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxarandan sonra zərərçəkəni xəstəxanaya aparmaq vacibdir.

Təxliyə zamanı zərərçəkən xərəkdə böyrü üstə başının altı alçaq olmaq şərtilə uzadılmalıdır. Məlumatlı olmaq və cəld reaksiya vermək çətin vəziyyətlərdən asanlıqla çıxmağa, özünə və ətrafdakılara vaxtında və lazımi yardım göstərməyə imkan verir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button