Gündəm

Dayanıqlı sülh və regional əməkdaşlıq

Faqət ŞadlinskayaYAP Bərdə rayon təşkilatının sədriAzərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya səs saldı. Beynəlxalq birlik bir daha belə bir reallığın şahidi oldu ki, əgər iradə, güc, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, dünyanın aparıcı dövlətlərinin, beynəlxalq nüfuzlu təşkilatların bu illər ərzində edə bilmədiklərini edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Azərbaycan regionda və dünyada yeni reallıqlar yaratdı, hər bir dövləti bu reallıqlarla barışmağa çağırdı.Prezident İlham Əliyev həm 44 günlük müharibənin gedişi dövründə, həm də tarixi Zəfərimizdən sonra mətbuata çoxsaylı müsahibələrində 30 illik işğal dövrünün reallıqlarından, İkinci Qarabağ müharibəsinə gedən yoldan, Zəfərimizi şərtləndirən amillərdən, Azərbaycanın şanlı Qələbədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə Ermənistana sülh təklifindən geniş bəhs edərək hər zaman bu çağırışı səsləndirib ki, sonda zəfər çalan ədalətdi. Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi də bu reallıqların, eyni zamanda, regionda və dünyada baş verən hadisələrə Azərbaycanın mövqeyi barədə dolğun məlumatların əldə edilməsində zəngin mənbə oldu. “Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi” söyləyən cənab İlham Əliyev bildirdi ki,  ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü. Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik.Cənab İlham Əliyev vurğuladı ki, bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq. Fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.Dövlətimizin başçısı “Əgər Ermənistanda hər hansı daxili siyasi dəyişiklik baş verərsə, bu, həmin prosesə xələl gətirəcəkmi” sualına gəldikdə isə  bildirdi ki, bunu söyləmək çətindir, yalnız ehtimal edə bilərəm. Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm: “Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər”.Bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənərək atdığı addımlar beynəlxalq səviyyədə təqdir edilir. Tarixi Zəfərimizin reallıqlarının regionda və dünya siyasətində yaratdığı yeniliklər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan söz sahibliyinin təqdimatıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button