Sosial

Davam edən zəhərlənmələr – AQTA-nın günahı, yoxsa…

Restoranda nahar etmək çoxları üçün rahatlıq və zövq mənbəyidir. Lakin son illərdə qida təhlükəsizliyi ilə bağlı xəbərlər, xüsusilə kütləvi zəhərlənmə halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Şirvanda baş verən son hadisə də bu narahatlıqları bir daha gündəmə gətirdi. Məlumata görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən “Pizza Time” restoranında baş verib. Bir ailənin 5 üzvünün göbələkdən zəhərlənmə səbəbi ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir. Beş nəfər (qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin edilib və dərhal ilkin tibbi yardım göstərilib.
Bu kimi hadisələrin vaxtaşırı təkrarlanması artıq təsadüf kimi qiymətləndirilmir. Əksinə, restoranlarda sanitar-gigiyenik qaydalara əməl olunması, məhsulların saxlanma şəraiti, istifadə olunan xammalın keyfiyyəti kimi məsələlər yenidən ciddi şəkildə müzakirəyə çıxarılır. Xüsusilə göbələk kimi riskli məhsulların istifadəsi zamanı nəzarətsizlik ağır nəticələrə səbəb ola bilər.
Digər mühüm məqam isə bu sahəyə nəzarət edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə bağlıdır. Rəsmi qurum mütəmadi reydlər və yoxlamalar apardığını bildirsə də, baş verən hadisələr nəzarət mexanizmlərinin yetərli olub-olmaması ilə bağlı suallar yaradır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, ölkədə ümumiyyətlə qida zəhərlənmələrinin qeydiyyatı prosesində ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi statistikasına və dünya üzrə ümumi zəhərlənmə göstəricilərinə baxsaq, görərik ki, Azərbaycanda bu rəqəmlər qlobal göstəricilərdən təxminən 1400 dəfə azdır. Bu isə reallığı əks etdirmir və ciddi suallar doğurur. “Belə bir təəssürat yaranır ki, statistik məlumatlar ya düzgün toplanmır, ya da təqdim olunarkən reallıqdan uzaq olur. Məşhur iqtisadçı Adam Smitin “yalan, ağ yalan və statistika” fikri bu vəziyyəti xatırladır. Çünki zəhərlənən insanlar mediaya deyil, birbaşa səhiyyə müəssisələrinə müraciət edir. Lakin bu hallar əsasən qida təhlükəsizliyi üzrə statistikaya daxil edilməlidir.
Burada əsas problem qeydiyyat zəncirinin düzgün işləməməsidir. Səhiyyə sistemi ilə qida təhlükəsizliyi qurumları arasında məlumat mübadiləsinin necə həyata keçirildiyi aydın deyil. Bu isə statistikada ciddi uyğunsuzluqlara səbəb olur. Digər tərəfdən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi çox geniş sahələri əhatə etməyə çalışır: kənd təsərrüfatı məhsullarından tutmuş hazır qida məhsullarına qədər. Lakin bu qədər geniş məsuliyyət fonunda bütün sahələrə effektiv nəzarət etmək çətinləşir. Üstəlik, qurumun fəaliyyətində əsas diqqət qida təhlükəsizliyinə yönəlib, məhsulun keyfiyyət məsələləri isə arxa planda qalır”.
E. Hüseynovun sözlərinə görə, mövcud qaydalara əsasən, yoxlamalar əvvəlcədən xəbərdarlıq edilməklə aparılır və bu da obyektlərə əvvəlcədən hazırlaşmaq imkanı yaradır: “Bu yanaşma isə effektiv nəzarətin qarşısını alır. Halbuki qida sahəsində fəaliyyət göstərən obyektlərdə qəfil və operativ yoxlamaların aparılması daha məqsədəuyğun olardı. Hazırkı vəziyyət onu göstərir ki, yoxlamaların çətin prosedurlarla həyata keçirilməsi, operativliyin olmaması və bəzi hallarda formal xarakter daşıması nəticəsində təhlükəli məhsulların dövriyyədə qalması mümkündür. Bu da restoranlarda və digər ictimai iaşə obyektlərində zəhərlənmə hallarının artmasına zəmin yaradır. Digər mühüm problem isə zəhərlənmə hallarında hüquqi mexanizmlərin işləməməsidir. İndiyədək zəhərlənmə nəticəsində zərər çəkmiş vətəndaşlara kompensasiya verilməsi ilə bağlı praktik nümunələr demək olar ki, yoxdur. Bunun əsas səbəblərindən biri də tibbi rəyin konkret və hüquqi baxımdan əsaslandırılmış şəkildə təqdim olunmamasıdır”.
Ekspert deyir ki, bu sahədə şəffaflığın artırılması, qeydiyyat sisteminin təkmilləşdirilməsi, operativ yoxlama mexanizmlərinin yaradılması və hüquqi məsuliyyətin gücləndirilməsi vacibdir. Əks halda, qida zəhərlənməsi halları davam edəcək: “Eyni zamanda istehlakçılar da riskli məhsullara qarşı diqqətli olmalıdır. Xüsusilə göbələk, konserv məhsulları və doğranmış balıq kimi qidalar daha yüksək risk daşıyır və həm ev şəraitində, həm də ictimai iaşə obyektlərində istehlak edilərkən ehtiyatlı yanaşma tələb edir”.

Şahanə Rəhimli
Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button