Gündəm

“Cənubi Qafqazda artıq “köhnə münaqişə” yoxdur, indi əsas məqsəd…”


“Minsk prosesinin ləğvi ilə bağlı ATƏT Nazirlər Şurasının qəbul etdiyi qərar beynəlxalq münasibətlər sistemində mühüm dönüş nöqtələrindən biri hesab oluna bilər. Bu qərarla ATƏT-in Minsk Prosesi, onunla bağlı bütün təsisat və strukturlar, o cümlədən fəaliyyətdə olan sədrin şəxsi nümayəndəliyi, Yüksək Səviyyəli Planlaşdırma Qrupu və digər mexanizmlər ləğv edilmiş sayılır. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məqsədilə 1992-ci ildə təsis olunmuş uğursuz Minsk Qrupu tarix səhnəsindən urvatsız bir şəkildə və tamamilə silindi”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı, Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini Elçin Mirzəbəyli deyib.

MİRZEBEY.jpeg (77 KB)

Onun sözlərinə görə, bu hadisə təkcə Azərbaycanın diplomatik uğuru kimi deyil, həm də beynəlxalq sistemdə “donmuş münaqişələr”in idarə olunması modelinin iflasının təsdiqi kimi qiymətləndirilə bilər:

“Minsk Qrupunun 30 illik fəaliyyəti əslində münaqişənin həllinə deyil, onun uzadılmasına xidmət edirdi. Məlum olduğu kimi, Minsk Qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə vasitəçilik etmək üçün yaradılmışdı. Qrupun həmsədrləri olan ABŞ, Rusiya və Fransa özlərini qlobal güc mərkəzləri kimi təqdim etsələr də, praktiki olaraq tərəfsiz vasitəçi rolunu oynamadılar. Əksinə, hər biri regiondakı maraqlarını qorumağa çalışaraq prosesin ədalətli nəticələnməsinə mane oldular. Onların fəaliyyətinin əsas qüsurları qərəzli mövqedə, status-kvonu qoruma siyasətində, prinsipsizlikdə və uzunmüddətli nəticəsiz danışıqların təşkilində özünü göstərirdi.

Fransa açıq şəkildə ermənipərəst siyasət aparırdı, Rusiya həm vasitəçi, həm də tərəf kimi davranırdı, ABŞ isə real həll mexanizmləri irəli sürməkdə maraqlı görünmürdü. Beləliklə, Minsk Qrupu Azərbaycan üçün ədalətsiz və faydasız bir platformaya çevrilmişdi.

2020-ci ilin Vətən müharibəsində Azərbaycan işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Bununla da Minsk Qrupunun mövcudluq səbəbi tamamilə ortadan qalxdı. 2023-cü ildə Ermənistan silahlı birləşmələrinin qalıqlarının Qarabağdan çıxarılması və separatçı rejimin buraxılması ilə Azərbaycan münaqişəyə tamamailə son qoydu. Bu reallıq beynəlxalq təşkilatlar tərəfindən də getdikcə qəbul edilməyə başladı. Azərbaycan haqlı olaraq Minsk Qrupunu açıq şəkildə “ölü format” adlandırırdı.

2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında ABŞ lideri Donald Trampın iştirakı ilə imzalanan birgə bəyanat isə bu istiqamətdə son mərhələ oldu. Tərəflərin ATƏT-ə göndərdiyi birgə müraciət əsasında Minsk Qrupu rəsmən ləğv edildi”.

Deputat onu da qeyd edib ki, ATƏT-in bu qərarı Azərbaycanın diplomatiyası üçün mühüm nəticələr doğurur:

“Əvvəla, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və bununla da münaqişəyə son qoyması reallığı beynəlxalq səviyyədə istisnasız olaraq tanınır.

İkincisi, Bakı tərəfindən irəli sürülmüş normallaşma prosesinin və sülh gündəliyinin ATƏT səviyyəsində konsensusla qəbul edilməsi Azərbaycanın Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində göstərdiyi səylərin qəbul edilməsi anlamını verir.

Üçüncüsü, Minsk Qrupunun ləğvi vasitəçilik monopoliyasını hüquqi və prosedur baxımından da aradan qaldırır və Azərbaycanın regional proseslərdəki müstəqil mövqeyini daha da möhkəmləndirir.

Bu qərarın regional və beynəlxalq təsirləri də əhəmiyyətlidir. Cənubi Qafqazda artıq “köhnə münaqişə” yoxdur. İndi əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılmasıdır.

Minsk Qrupunun uğursuzluğu isə bütövlükdə ATƏT-in sülhməramlı missiyalarının ümumi effektivliyinə dair ciddi suallar doğurur. Bu o deməkdir ki, ABŞ, Rusiya və Fransa artıq bu format vasitəsilə regiona yön verə bilməyəcəklər.

Əgər de-fakto mövcud olduğu dövrdə Minsk Qrupunun missiyası münaqişəni donduraraq Azərbaycanın maraqlarını boğmağa xidmət edirdisə, indi onun hüquqi baxımdan “dəfn edilməsi” Azərbaycanın həm hərbi, həm də diplomatik müstəvidə tam qələbəsinin rəsmi təsdiqidir. Bu, Azərbaycanın post-münaqişə dövrü diplomatiyasının uğurlu nəticəsidir. Bakı sübut etdi ki, öz maraqlarını təkcə güc vasitəsilə deyil, həm də diplomatik müstəvidə qorumaq iqtidarındadır. ATƏT-in qərarı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin qəti şəkildə tanınması deməkdir.

Beləliklə, Minsk Qrupunun buraxılması ilə Cənubi Qafqazda uzun illərdir süni şəkildə saxlanılan qeyri-müəyyənlik dövrü başa çatdı. Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik cəhətdən tam qələbə qazandı. Bu gün artıq gündəlikdə sülhün möhkəmləndirilməsi, regional inteqrasiya və inkişaf perspektivləri anlayışları var. Azərbaycan Minsk Qrupunun uğursuz vasitəçiliyinə son qoyaraq həm regionun gələcəyini müəyyənləşdirən əsas aktora çevrildi, həm də beynəlxalq münasibətlərdə öz diplomatik iradəsini təsdiqlədi”.

Cavanşir ABBASLI
Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button