Bərdədə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib

Bərdə Rayon İcra Hakimiyyəti yanında Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə Bərdə Mədəniyyət Mərkəzində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Qarabağ Regional Təhsil İdarəsinin Bərdə üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov, komissiyanın sədri Səfurə Hümbətova, rayon Mərkəzi Xəstəxanasının həkim pediatrı Gülayə Mirzəyeva, rayon Polis şöbəsinin uşaq inspektoru Arzu Rəşidzadə, Şəhid A.Mustafayev adına 5 nömrəli tam orta məktəbin şagirdi, uşaq səfiri Kənan Əlizadə çıxış ediblər.
Çıxışlar zamanı uşaqlara göstərilən dövlət qayğısından, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsinin əhəmiyyətindən danışılıb. Həmçinin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritetlərindən danışılıb, bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən söz açılıb. Qeyd edilib ki, bütün bu tədbirlər uşaqların sosial rifahının təmin olunmasına, onların cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə xidmət edir.
Sonra uşaq incəsənət məktəblərinin şagirdlərinin ifasında konsert proqramları və rəqslər nümayiş olunub, sonra bir qrup müəllim və şagirdə aktiv fəaliyyətlərinə görə təşəkkürnamələr təqdim olunub.



























