“Yeniyetmələr arasında kriminal aləmə olan meylərin artmasının qarşısını almaq üçün hər birimiz üzərimizə düşəni etməliyik” – DEPUTAT

Son zamanlar yeniyetmələrin ağır cinayətlər törətməsi faktları və soyuq silahlara olan marağı artıb. Artıq ictimai yerlərdə və hətta bəzi məktəblərdə bəzi yenmətlər üzərində bıçaq, “beşbarmaq” və s. kimi soyuq silahlar gəzdirirlər. Bəs bunun səbəbi nədir? Gənclərimizdə belə bir vərdiş hansı səbəbdən yaranır? Bunun qarşısı necə alına bilər?Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, son dövrlər gənclər və yeniyetmələr arasında kriminal aləmə və bundan qaynaqlanan zərərli vərdişlərə meylərin artması hər birimizdə çox ciddi narahatlıq yaradır:”Qarşılaşdığımız problemin bir başa olaraq ölkənin gələcəyini əhatə etdiyini nəzərə alsaq həlli istiqamətində müxtəlif yanaşmaların kompleks şəkildə tətbiq edilməsi zəruridir. Bu bir növ informasiya siyasətinin əsasını təşkil etməlidir. Çünki informasiya texnologiyalarının hazırki inkişafı gənclərin və yeniyetmələrin istənilən məlumata əl çatımlılığını asanlaşdırır. Bu istiqamətdə mübarizənin ön pilləsində maariflənmə işinin aparılması dayanır. Elə buna görə də, televiziyalarda, məktəblərdə, ictimai yerlərdə mədəni və maarifləndirici tədbirlərin sayı artırılmalı, mütəmadi olaraq dövlətin gənclər siyasətinin təbliği aparılmalı, elmi nəaliyyətləri ilə fərqlənən gənclərin uğurları işıqlandırılmalıdır. Bizlər bunun təkcə dövlət xətti ilə həyata keçirilməsini gözləməli deyilik. Hər birimiz üzləşdiyimiz problemin həlli istiqamətində üzərimizə düşəni etməliyik”.