Bərdə Rayon Mədəniyyət Mərkəzində ” Qaravəlli” tamaşası göstərilib

15 oktyabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzində əl işlərindən və qədim əşyalardan ibarət sərgi təşkil edilib və Bərdə Xalq Teatrının hazırladığı “Qaravəlli” tamaşası nümayiş olunub.
Media1.az-ın xəbərinə görə , tədbirdə Bərdə rayon İH yanında Ailə, Uşaq, Qadın Problemləri üzrə komitənin sədr və üzvləri iştirak ediblər.
Tamaşaöncəsi foyedə yaradıcılıq məhsullarının nümayişi olub. Mədəniyyət işçisi Sevinc Orucovanın rəsmləri böyük maraqla qarşılanıb. Eyni zamanda toxuma,tikmə, tətbiqi sənət nümunələrinə də baxış keçirilib.
“Qaravəlli” tamaşasının rejissoru Mehman Quliyev bildirib ki, tamaşanın təşkilində məqsəd Azərbaycan xalqının milli dəyərlərini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək, xalqın arzu və istəklərini özündə yaşadan nağıllar,dastanlar,hikmətli sözlər kimi nümunələri olan xalq yaradıcılığının inkişaf etdirilməsi və təbliğidir.
” Qaravəlli ” tamaşası ilə Bərdə Xalq Teatrının istedadlı qrupu tamaşaçılara zövqlü anlar yaşadıblar. Tamaşa alqışlarla başa çatıb.
Sonda xalq teatrının üzvləri, Bərdə rayon Mədəniyyət Mərkəzinin rejissoru Mehman Quliyevə, Bərdə rayon Mədəniyyət Mərkəzinin metodisti Aynur Qarayevaya, Bərdə rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Samirə Xəlilovaya, Bərdə rayon Mədəniyyət Mərkəzinin işçisi Günay Hüseynovaya, Bərdə şəhər 5 nömrəli klubun müdiri Ətayə Musayevaya, Xanxanımlı kənd klubunun mədəni təşkilatçısı Alim Qurbanova, Bərdə xalq teatrının üzvü Orxan Qarayevə, Bərdə xalq teatrının üzvü Ayxan Bayramova Bərdə rayon İH yanında Ailə, Uşaq, Qadın Problemləri üzrə komitənin təşəkkürnamələri təqdim edilib.
Musa Muradlı- Media1.az












