
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Əsgərov Nofəl Cahangir oğlunun Tərtər rayonunun Borsunlu kəndində üç mərasimi keçirilib. Yas mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin ailə üzvləri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV və ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər. Qeyd edək ki, Əsgərov Nofəl Cahangir oğlu 10 sentyabr 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 5-ci sinfə qədər Borsunlu kənd orta məktəbində oxumuş, sonra isə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçdüklərinə görə Gəncə şəhəri 20 saylı orta məktəbdə təhsilini davam etdirib. O, 15 iyun 1992-ci ildə Sırxavənd döyüşlərində 200 nəfərə yaxın əsgəri mühasirədən azad etdikdən sonra erməni gülləsinə tuş gələrək həlak olmuşdur. Şəhidin nəşinin qalıqları ailəsinin məskunlaşdığı Gəncə şəhərində şəhidlər xiyabanında dəfn edilib.Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.”









