Bacısını “Instagram”a girdiyinə görə qətlə yetirməkdə şübhəli bilinən qardaşa cinayət işi açıldı – YENİLƏNİB

Gəncədə bacısını “Instagram” sosial şəbəkəsindən istifadə etdiyinə görə öldürməkdə şübhəli bilinən qardaşa cinayət işi açılıb.
Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, noyabr 27-də saat bir radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
06:47
Gəncədə baş verən qətlin bəzi təfərrütı məlum olub.
APA-nın məlumatına görə, qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb.
O, bacısının boğazını kəsərək qətlə yetirib.
Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.
02:47
Gəncədə qardaş bacısını qətlə yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.