Gündəm

Azərbaycanın mövqeyi aydındır: biz ABŞ-la bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıyıq

Bu gün Azərbaycan üçün vacib olan budur ki, Vaşinqtonla münasibətlər yalnız siyasi və təhlükəsizlik sahələrində deyil, iqtisadi əməkdaşlıq, enerji, texnologiya və regional sabitlik prizmasından da inkişaf etdirilsin. Azərbaycan ilə ABŞ arasında münasibətlər həmişə mürəkkəb, amma strateji baxımdan mühüm əhəmiyyət daşıyıb. bu münasibətlərin inkişafında xüsusi bir mərhələ Donald Trampın adı ilə bağlıdır. Trampın ABŞ siyasətinə qayıdışı həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ciddi rezonans doğurdu. O, yalnız Amerikanın gücünü bərpa etməyi deyil, həm də onun qlobal səviyyədə hörmətini geri qaytarmağı hədəfləyir. Trampın qısa müddətdə bir çox bölgələrdə sülhə nail olması, Afrikadan Asiyaya, Cənubi Qafqaza qədər bir çox bölgədə sülh təşəbbüslərinə imza atması onun qeyri-adi lider xarakterini nümayiş etdirir.

Trampın hər iki prezidentlik dövründə Azərbaycana münasibəti digər administrasiyalardan kəskin fərqlənirdi. Bayden hakimiyyətinin tətbiq etdiyi sanksiyalar, xüsusilə də 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi münasibətləri gərginləşdirmişdi. Halbuki Azərbaycan Əfqanıstan əməliyyatları zamanı ABŞ-a hava, dəniz və dəmir yolu dəhlizləri vasitəsilə mühüm dəstək göstərmişdi. Tramp isə əməkdaşlığa açıq, konstruktiv münasibət sərgiləmiş, Azərbaycan–ABŞ əlaqələrini yeni mərhələyə qaldırmağa çalışmışdı.

Azərbaycanın mövqeyi aydındır: biz ABŞ-la bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıyıq. Prezident İlham Əliyevin də vurğuladığı kimi, ölkəmiz ədalət uğrunda mübarizə apararaq beynəlxalq hüququ bərpa edib. Bu yolda Trampın dəstəyi və yanaşması xüsusi dəyər daşıyır. Əgər Ermənistan sülh prosesinin tamamlanmasında ardıcıl şəkildə işlər görərsə, bütün Cənubi Qafqaz üçün sabitlik və inkişaf dövrü başlaya bilər.

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi uzun illərdir regionun ən mühüm strateji layihələrindən biri kimi gündəmdədir. Dəhlizin fəaliyyətə başlaması təkcə Azərbaycanın daxili əlaqələrinin bərpası deyil, həm də Asiyadan Avropaya uzanan yeni bir beynəlxalq nəqliyyat arteriyası deməkdir. Azərbaycan dəmir yolları və avtomobil yolları infrastrukturunu artıq öz ərazisində inşa edib, indi əsas məsələ Ermənistan ərazisindən keçən 42 kilometrlik hissənin tikintisidir.

Ermənistan uzun müddət konstruktiv mövqe nümayiş etdirmədiyinə görə dəhlizin açılışı gecikirdi. Məhz bu məqamda ABŞ-ın, xüsusilə Prezident Donald Trampın administrasiyasının iştirakı həlledici rol oynadı. Azərbaycan tərəfi Vaşinqtona açıq mesaj verdi: dəhliz yalnız Ermənistanın zəmanəti ilə məhdudlaşmamalı, beynəlxalq təhlükəsizlik təminatları ilə qorunmalıdır. Tramp administrasiyası bu qanuni tələbi qəbul etdi və nəticədə TRIPP (“Trump’s International Peace and Prosperity Route” – “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) konsepsiyası irəli sürüldü. ABŞ-ın dəstəyi dəhlizin beynəlxalq legitimliyini gücləndirir, onu yalnız Azərbaycan–Ermənistan gündəminin deyil, qlobal ticarət və enerji təhlükəsizliyinin bir hissəsinə çevirir.Dəhlizin açılması ilə Ermənistan da tranzit ölkəyə çevrilərək iqtisadi fayda əldə edəcək. Bu, ABŞ diplomatiyası üçün də mühüm nəticədir, çünki regiondakı düşmənçilik münasibətlərini azaldır və yeni əməkdaşlıq imkanları yaradır.

Beləliklə, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün tarixi qələbənin davamıdır.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button