Siyasət

Azərbaycandan absurd tələb: tarix dərsliyini dəyişməliyik?

Qafar Çaxmaqlı: “Erməni dərs kitabları kökündən dəyişməlidir, çünki…”

Ermənistanda Azərbaycanın tarix dərsliklərinə dəyişiklik edilməsi çağırışları eşidilir. Məsələn, ekspert Tatevik Ayrapetyan yazıb ki, ümumtəhsil məktəbləri üçün Azərbaycan dərsliklərinə dəyişiklik tələb edilməlidir.

Onun sözlərinə  görə, məsələn, Azərbaycanın 5-ci sinif dərsliyində yazılıb: “Ermənistan SSR tarixi Azərbaycan torpaqlarının qərb hissəsində yaradılmışdır. Sonralar Moskva rəhbərliyi Azərbaycan SSR-yə məxsus torpaqların bir hissəsini, o cümlədən Şərur-Dərələyəz və Qərbi Zəngəzuru Ermənistan SSR-yə verdi. Nəticədə Azərbaycan Naxçıvandan ayrıldı. Ata-baba yurdlarından zorla qovulan soydaşlarımız sonradan “Qərbi Azərbaycan” icmasını yaratdılar. Bu icma Qərbi Azərbaycanda tarixi irsimizin qorunub saxlanmasını, köçkün əhalinin hüquqlarını beynəlxalq təşkilatlarda müdafiə edir. Onlar öz vətənlərinə qayıtmaq üçün mübarizəni davam etdirirlər”.

Bu, Azərbaycanda bütöv bir nəslin yetişdirildiyi Ermənistan Respublikasına qarşı dövlət təbliğat proqramı deyilsə, nədir? Yeri gəlmişkən, qeyd edim ki, 2020-ci ildən dərsliklər dəyişdirilib, bununla bağlı mən bir daha öz araşdırmalarımı paylaşacağam”, – Ayrapetyan yazıb.

Bu kimi çağırışlar nədən xəbər verir? Ermənistanın yaranma tarixinin şahidi olan elə insanlar var ki, hələ dünyasını dəyişməyib. Biz Ermənistanın xoşuna gəlsin deyə tariximizi təhrif etməliyikmi? Bütün dünyaya bəllidir ki, Ermənistan adlı dövlət Cənubi Qafqazda Rusiyanın təşəbbüsü ilə, Azərbaycan torpaqlarında yaradılıb. Ermənilərin Cənubi Qafqaza köçü isə 1828-ci ildə İranla Rusiya arasında bağlanan Türkmənçay sülh müqaviləsindən sonra başlayıb. Bunu bildiyimiz halda, Vaşinqton razılaşmasından sonra tarix dərsliklərinə dəyişiklik etməliyikmi?

Mövzu ilə bağlı Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a danışıb. Qafar Çaxmaqlı qeyd edib ki, Tatevik Hayrapetyan kimi şəxslər illərdir Azərbaycan həqiqətlərini təhrif etməklə məşğuldur və bu işdə ucuz təbliğat üsullarından istifadə edirlər: “Tatevik Hayrapetyan üzdəniraq azərbaycanşünaslardan biridir və yazılarında, çıxışlarında erməni cəmiyyətinə Azərbaycan gerçəklərini təhrif etməklə məşğuldur. Həm də bu işi görərkən belə ucuz üsullardan istifadə edir. O, tək deyil. Azərbaycan dərs kitablarında tarixi gerçəkləri dəyişdirmək fikrini təlqin edərkən, belə demək mümkünsə, qabaqdangəlmişlik edir.

Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar  Çaxmaqlı

Qafar Çaxmaqlı 

Əslində hələ Vaşinqton bəyannaməsi yayılmamışdan öncə erməni dərs kitablarında dəyişiklik məsələsi Ermənistanın özündə xeyli müzakirə edilmişdi. Hətta bu müzakirələrə Paşinyanın özü də qoşulmuşdu. Erməni irqçi düşüncəsinin bu kitablarda yer alması faktı danılmaz gerçəkdir və Ermənistanda bu proses artıq başlanmaqdadır. Ermənistan Təhsil Nazirliyinə 2024-cü ildə hökumətin bu yöndə təlimatı verilib. İndi Ermənistanda Tatevikin dilindən belə bir iddianın səsləndirilməsi ilə demək istəyirlər ki, əgər biz dərs kitablarını dəyişdiririksə, o zaman Azərbaycan da bunu etsin. Vaşinqton bəyannaməsində belə addımın atılması tərəflərin öhdəliyi kimi göstərilir. Bu isə yenə də bir erməni bicliyidir – fürsətdən istifadə etmək cəhdidir”.

Onun sözlərinə görə, Ermənistan dərs kitablarında saxta tarix təqdim olunmaqla yanaşı, irqçi və şovinist ideologiya da aşılanır. Ermənistanda uşaqlar hələ məktəb partasından Azərbaycan və Türkiyəyə nifrət ruhunda böyüdülür: “Onların dilə gətirdiyi dərs kitablarında Ermənistan dövlətinin Azərbaycan torpaqlarında yaradılması faktı, 1920-ci ildə Qərbi Zəngəzurun, Şərur-Dərələyəzin, Göyçə ətrafı kəndlərin Ermənistan SSR-ə verilməsi hansı yanlışlıqdır? Bəli, 1918-ci ildə elan olunan Ermənistan dövləti Azərbaycan torpaqlarında yaradılıb. O zaman bu respublikanın ərazisi 9 min kvadrat kilometr idi. Bəs necə oldu ki, Ermənistanın ərazisi 29 min 743 kvadrat kilometrə çatdı? Biz uşaqlarımıza bunları izah etməməliyikmi? Qərbi Azərbaycanla bağlı qurumun dərs kitablarında öyrədilməsində nə qəbahət var? Amma Ermənistan dərs kitablarında Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiaları yer alır, bizə nifrət aşılanır.

Bu məsələlərlə bağlı mənim yazdığım məqalələr var. Erməni dərs kitablarında faşizm təbliğ olunur, terrorçular qəhrəman kimi təqdim edilir. Xüsusilə tarix dərs kitablarında Andranik Ozanyan, Garegin Njde, Soğomon Teyliryan, Monte Melkonyan erməni millətinin qəhrəmanları hesab olunur. Ermənicə dərs kitablarında Njdedən bəhs edilən hissədə onun faşizmi təbliğ edən, bununla öyünən fikri verilir:

“Faşizmin varlığı, hitlerizm haqqında bir bilgi yoxkən bu ideologiyanı 1919-da Sünik dağlarında bizim David Bek qisasçıları ayaqda tuturdular”.

Həmin dövrdə və daha sonrakı illərdə Njde daşnaklar tərəfindən nəşr olunan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris) kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə, Azərbaycan idi. Tək məqsədi də xarici ölkələrə dağılmış ermənilərdə türklərə qarşı genetik bir nifrət meydana gətirmək idi. 1919-cu ilə aid ermənicə sənədlərdə bütün bunlar öz əksini tapıb – Azərbaycan və Türkiyəyə, ümumilikdə millətimizə genetik nifrət!

9-cu siniflər üçün “Erməni tarixi” kitabında (“Erməni tarixi. Yeni dövr. 2-ci hissə. Dərs kitabı. 9-cu siniflər üçün. İrəvan, Marmar, 2019, s.96) Njde belə təqdim olunur: ”Kimlər üçünsə ‘hərbi cani’, bizim üçün isə Ermənistanın xilaskarıdır Garegin Njde.”

Kitabın başqa bir yerində isə Njdenin bu fikirləri çatdırılır: “Kim Türkiyə ilə bərabərdirsə, o mənim millətimin və bizim tarixi ərazilərimizə sahib olma haqqımızın düşmənidir… Elə bir düşmən ki, onu heç Allah belə mənimlə barışdıra bilməz. Budur mənim siyasi davranış tərzim…”

Dərs kitablarında belə irqçi düşüncələr olduqca çoxdur. Hələ mən çap edilən kitabları, bəzi erməni yazıçılarını demirəm ki, onlar da düşmənçiliyi təbliğ edirlər. Erməni dərs kitabları kökündən dəyişməlidir. Bunu edəcəklərmi? Tatevik kimi “azərbaycanşünasların” bizə hücumlarının arxasında bəlli mətləb dayanır: onları dəyişdirməmək, faşist ideologiyadan imtina etməmək üçün bəhanələr axtarmaq… Tanış erməni üsuludur”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button