Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnun təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Prezident İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli sərəncamı ilə sağlamlıq imkanları məhdud şəxslərin fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, öz həmyaşıdları ilə eyni formada təhsilə cəlb edilməsi məqsədi ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Bu gün ölkəmizin müxtəlif bölgələrində olduğu kimi, Bərdə rayonunda da sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunmasına xüsusi diqqət göstərilir. Elsevər Əsədov adına Türkmən kənd tam orta məktəbinin 5 şagirdi – Abışzadə Ümid Natiq oğlu, Mehdizadə Nuran Şükür oğlu, Həsənli Səma Fuad qızı, Rəhimli Uğur Mərhəmət oğlu və Heydərova Nərgiz Cabbar qızı təhsillərini ev şəraitində davam etdirirlər.
Məktəbin direktoru Nərgiz Həsənova təyinat aldığı gündən – artıq 1 il 3 aydır – evdə təhsil alan şagirdlərin təhsilinə və sosial vəziyyətinə xüsusi həssaslıqla yanaşır. O, tez-tez həmin uşaqları ziyarət edir, onların dərs prosesini diqqətdə saxlayır, məktəb ləvazimatları hədiyyə edir və müxtəlif qayğılarla dəstəkləyir. Bu addımlar uşaqlara yalnız təhsil deyil, həm də mənəvi stimul verir, onların cəmiyyətə inteqrasiyasını gücləndirir.
Türkmən kənd tam orta məktəbinin pedaqoji kollektivi və şagird valideynləri göstərilən bu diqqət və qayğıya görə məktəbin direktoru Nərgiz Həsənovaya öz dərin minnətdarlıqlarını bildirirlər. Onlar inanırlar ki, belə addımlar sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam inteqrasiya olunmasına, bilik və bacarıqlarını inkişaf etdirməsinə mühüm töhfə verir.
Bu səmimi diqqət və qayğıya görə Nərgiz müəlliməyə minnətdarlığımızı bildiririk.