Azərbaycan Mətbuatının 150 illik Yolu.

Bu gün Azərbaycan Milli Mətbuatının 150 illiyi tamam olur.150 illik şərəfli yolu ilə Azərbaycan Milli Mətbuatı təkcə tariximiz deyil –bu, günümüzün güzgüsü, sabahımızın istiqamətvericisidir. Mətbuat yaşadıqca cəmiyyət düşünür, soruşur, öyrənir və inkişaf edir. Həsən bəy Zərdabidən miras aldığımız bu qələm – əslində, xalqın vicdanı, dövlətin dayağıdır.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız, bir əsrdən artıqdır ki, cəmiyyətimizin maariflənməsində, dövlətçilik ideologiyasının formalaşmasında, milli kimliyin qorunmasında və ictimai düşüncənin inkişafında mühüm rol oynayır.
Əsrlər dəyişsə də, qələmin gücü dəyişmir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mətbuatın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Medianın müasir çağırışlara cavab verməsi üçün hüquqi və texniki baza təkmilləşdirilir, jurnalistlərin sosial rifahı, peşəkarlıq imkanları yaxşılaşdırılır, informasiya azadlığı və media pluralizminin inkişafı dəstəklənir. Medianın dövlətin yanında, lakin xalqın tərəfində olması prinsipinə söykənən yanaşma, medianın məsuliyyətini və etibarını daha da artırır.
Bununla yanaşı, qlobal informasiya müharibələri fonunda süni intellektin sürətli inkişafı, dezinformasiya təhlükəsi, sosial şəbəkələrin təsiri mətbuata yeni çağırışlar yaradır. Bu şəraitdə yalnız yazmaq deyil, doğru, məsuliyyətli və milli maraqlara xidmət edən şəkildə yazmaq əsas vəzifədir. Müstəqil, şəffaf və vətənpərvər media cəmiyyətin mənəvi dayanağı, maarifçi gücüdür. Biz mətbuatın yalnız keçmişə bağlı bir ənənə deyil, gələcəyə aparan strateji vasitə olduğuna inanırıq. Media həmçinin milli dəyərlərimizin, dövlətçilik prinsiplərimizin və vətəndaş həmrəyliyimizin daşıyıcısıdır.
Bu əlamətdar gündə, Azərbaycanın bütün media cameəsini – jurnalistləri, redaktorları, fotomüxbirləri, operatorları, xəbər portallarının və televiziya kanallarının əməkdaşlarını təbrik edir, onlara milli maraqlarımıza sadiq, obyektiv və peşəkar fəaliyyətlərində uğurlar arzulayıram.
Milli mətbuat – xalqın səsidir. Bu səs daim haqqın yanında, ədalətin tərəfində olmalıdır.Zəmanənin qaranlığında yolu mətbuat aydınladar.Qoy həqiqətə bağlı qələmlər heç vaxt susmasın!✍🏻✍🏻✍🏻
QHT sədri Turanə Orucova