Aqrar sığortaya maraq niyə azdır?

Təbii fəlakətlərdən sığotalanmaq fermerlərin iflas olmasının qarşısını alan önəmli məsələdir
Dünyada kənd təsərrüfatı istehsalı üçün ən böyük risk iqlim şəraitidir. Bundan başqa, plansız istehsal, dəyişən birja, aşağı məhsul qiymətləri bu sahədə digər böyük risklərdəndir. Yalnız riskləri diqqətdə saxlayaraq bundan sığortalanmağı bacaran fermerlər uğur qazana bilirlər. Son günlər ölkəmizdə havaların qeyri-sabit keçməsi, kənd təsərrüfatına ciddi ziyan vurub. Xüsusilə, aprel -may aylarında davamlı yağan yağışlar, dolu düşmələri, ən dəhşətlisi isə sel sularının bütövlükdəəkin sahələrini basması meyvə ağaclarının çiçəklərini, tərəvəz və bostan bitkilərinin şitillərini yararsız hala salıb. Nəticədə ölkə fermerlərinin yetişdirdiklər kənd təsərrüfatı məhsullarının bir hissəsi məhv olub. Təbii ki, bunun ən böyük zərəri fermərlərə dəysə də həm də bazarlarda qıtlıq və bahalıq yaşanacaq.
Məhz havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatına dəyən ziyandan sonra sığorta məsələsi aktuallaşmağa başlayıb. Xüsüsilə fermerlərin əksəriyyətinin sığortası olmadığından belə vəziyyətlə qarşılaşdıqda ziyanı özləri qarşılamalı olacaqlar. Bəs nə üçün hələ də aqrar sahədə sığortaya ciddi maraq yoxdur? Axı bu istiqamətdə dövlətimizin qanunları mövcuddur. Belə ki, «Aqrar sığorta haqqında» Qanun 2019-cu ilin iyun ayında qəbul edilib. 2020-ci ilin yanvarın 1-də isə həmin qanun qüvvəyə minib. Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat ayrılıb. Xatırladaq ki, 2022-ci ildə aqrar sığorta hadisələri üzrə sığortalı fermerlərə 2,4 milyon manat ödəniş edilmişdisə, 2023-ci ildə bu sahəyə sığorta ödənişləri 4 milyon 406 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2 milyon manat və ya 80 faiz artıqdır.
2024-cü ilin birinci rübündə isə Aqrar Sığorta Fondu tərəfindən 323 min hektar əkin sahəsi və 882 baş kənd təsərrüfatı heyvanları sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 22 min hektar və ya təqribən 7 faiz artıb. Bir sözlə, 2024-cü ilin yanvar-mart aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə təsərrüfatlara dəymiş zərərlər üzrə 1 milyon 752 min manat sığorta ödənişi edilib. Həmin müddətdə bitkiçilik sığortası üzrə 6 milyon 815 min manat, heyvandarlıq təsərrüfatlarının sığortası üzrə 537 min manat olmaqla, ümumilikdə 7 milyon 352 min manat sığorta haqqı toplanıb. Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub. Sığorta ödənişlərinin 1 milyon 434 min manatı bitkiçiliyə, 318 min manatı isə heyvandarlığa edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləği 2,2 dəfə artıb. Bitkiçilik üzrə sığorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42 faiz yüksəlib.
Xatırladaq ki, 2024-cü ilin 1-ci rübündə ən çox sığorta ödənişləri Füzuli, Şəki və Ağdam rayonlarındakı təsərrüfatlarda olub. Rəqəmlərdən də göründüyü kimi, fermerlərimizin az hissəsi aqrar sığortaya maraq göstərir. Onlar əgər məhsullarını sığortalasaydılar sığorta ödənişləri yüz milyonlarla manat təşkil edərdi.
Göründüyü kimi, kənd təsərrüfatında sığorta olduqca vacibdir. Çünki kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha riskli sahə olduğundan burada sığortasız gəlir əldə etmək çətindir. Təbii ki belə bir şəraitdə aqrar sektor istehsalçıları normal sığorta təminatı əldə etsələr, onların investisiya cəlbedicilyi artacaq və sektora böyük həcmdə kredit qoyuluşu baş verəcək. Aqrar sahədə risk dərəcəsi yüksək olduğuna görə sahibkarları müvafiq risklərdən arzuedilən səviyyədə qorunması çox önəmlidir. Risklər sığortalanarsa kreditləşmə, investisiya qoyuluşu stimullaşacaq. Heç bir ölkədə sığorta sistemi olmadan aqrar sahəyə kütləvi və davamlı kredit qoyuluşu olmur. Ona görə də bütün məsələlər ilk növbədə sığorta sisteminin işləməsindən asılı olacaq.
Təbii ki, aqrar sığorta sisteminin normal işləməsi qarşılıqlı əməkdaşlıq məsələsidir. Birincisi, mexanizm təkmil olmaqla kənd təsərrüfatı istehsalçıları üçün əlverişli şərait yaranmalıdır. Digər vacib olan məsələ kənd təsərrüfatı məhsullarının istehsal prosesinin keyfiyyətli təşkil olunmasıdır. Keçirilən sorğulara görə, fermerlər, istehsalçılar öz təsərrüfatlarının qorunmasında maraqlıdır. Lakin sığorta şirkətləri aqrar sahənin sığortalanmasına maraq göstərmirlər. Onların da haqlı səbəbləri var. Çünki aqrar sektor çox riskli sahədir.
Aqrar sığortanın beynəlxalq təcrübəsinə diqqət etsək görərik ki, sığorta büdcəsi baxımından nümunə göstərə biləcəyimiz ölkələrdən ABŞ -da kənd təsərrüfatı məhsullarının sığorta haqqı 9,3 milyard, Çində 5,4 milyard, Hindistanda 2,8 milyard və Kanadada 1,3 milyard avrodur. Qardaş Türkiyədə isə bu göstərici 478 milyon avrodur.
Elçin Zaman, «İki sahil»