GündəmXəbərlər

Acizliyin sarıq altındakı nümunəsi…

5 Mart tarixində İranın Naxçıvan Beynəlxalq Hava Limanına və mülki obyektlərə kamikadze dronlarla etdiyi hücumu sadəcə hərbi təcavüz deyil, acizliyin sarıq altında gizlənmiş ən eybəcər nümunəsidir. 4 mart tarixində Cənab Prezident İlham Əliyevin İranın ölkəmizdəki səfirliyinə etdiyi ziyarətin və nümayiş etdirdiyi qonşuluq etikasının ardınca arxadan vurulan bu zərbə, “molla” rejiminin həm siyasi, həm də “mənəvi” arenada deqradasiyasının və ağır məğlubiyyətinin sübutudur. Baş vermiş bu hadisəyə, “səhv düşüb” və ya “başqasını hədəf alırdıq” kimi bəhanələrlə heç bir don geyindirmək olmaz; bu, açıq-aşkar Azərbaycana qarşı terror aktı, təhdid və olduqca məkrli formada atılmış qorxaq addımdır. Bu riyakarlığın ən iyrənc tərəfi isə hadisələrin xronologiyasında gizlənir. Təsəvvür edin, eyni günün səhəri İranın yüksək rütbəli rəsmiləri Bakıya zəng edərək, Livandakı diplomatik nümayəndəliklərinin təxliyəsi üçün Azərbaycandan imdad diləyir. Humanizm və yüksək dövlətçilik prinsiplərinə sadiq qalan rəsmi Bakı tərəddüd etmədən kömək əlini uzadır, bu çətin anlarında onlara dəstək olmaq üçün dərhal qərar qəbul edir. Lakin xilaskar ələ uzadılan cavab Naxçıvana tuşlanmış kamikadze dronları olur. Bu, diplomatik tarixdə misli görünməmiş nankorluq, dövlət səviyyəsində rəsmiləşdirilmiş xəyanətdir. Belə çirkin, namərd və nakişi addımlar ancaq mənəvi baxımdan tamamilə çökmüş, qonşuluq haqqını tapdalayan rejimlərə xasdır. Azərbaycan artıq o dövlət deyil ki, kimsə onunla təhdid, terror və ya şantaj dilində danışa bilsin. İran dərk etməlidir ki, bu cür qorxaq və xain hücumlar xalqımızın iradəsini sındırmaq əvəzinə, bizi daha da kənətləyir, əzmkarlığımızı və milli birliyimizi daha da gücləndirir. Rəsmi Bakı bu qəbuledilməz təxribata qarşı diplomatik müstəvidə ən kəskin addımlarını ataraq sərt etirazını bildirib, lakin proses bununla yekunlaşmayacaq. Dövlətimiz öz təhlükəsizliyini, suverenliyini və vətəndaşlarının həyatını qorumaq üçün bütün adekvat cavab tədbirlərini görmək hüququnu və qüdrətini özündə saxlayır. Sarıq arxasında gizlənən məkrli niyyətlər qüdrətli Azərbaycan dövlətinin və xalqının dəmir iradəsi qarşısında hər zaman aciz qalacaq.

Ömər Hüseynli Ana Vətən Partiyasının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button