Mədəniyyət

İlahiyyatçıdan SOS: Din pərdəsi altında…

Bəzi baxıcılar, hətta özünü dindar kimi qələmə verən şəxslər insanların çarəsizliyindən, narahatlığından və bəzən də məlumatsızlığından məharətlə istifadə edirlər. Xüsusilə şəxsi həyatında problem yaşayan, övlad həsrəti çəkən və ya ailə qayğıları ilə üzləşənlər tez-tez bu adamlara üz tuturlar. “Övladım olmur”, “qızım ərə getmir”, “bir Quran açdırım” kimi fikirlərlə onlardan çıxış yolu axtaranların sayı az deyil. Bəs bu meylin arxasında nə dayanır?

Yaxınlarda sosial mediada “Natavan” adı ilə tanınan bir ekstrasensin paylaşdığı video bəzi izləyicilər tərəfindən narazılıqla qarşılanmışdı. Videoda övladı həbsdə olan bir qadının ekstrasensə müraciət edərək kömək istədiyi, qarşısına Qurani-Kərim qoyularaq onun vasitəsilə oğlunun həbsdən çıxacağına ümid verildiyi görünürdü.

QMİ rəsmisi, ilahiyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Son illərdə həm ənənəvi mediada, həm də sosial şəbəkələrdə ciddi narahatlıq doğuran bir tendensiya sürətlə yayılmaqdadır. Özünü “din adamı”, “seyid”, “molla”, “şeyx” kimi təqdim edən bəzi şəxslər falçılıq, cadugərlik və müxtəlif xurafat elementlərini din adı ilə cəmiyyətə sırımağa çalışırlar. Bu hal artıq sistemli bir problemə çevrilməkdədir və həm dini, həm də sosial-mənəvi baxımdan ciddi təhlükə mənbəyi kimi ortaya çıxır.

İslam dini açıq şəkildə falçılığı, qeybdən xəbər vermə iddiasını və sehr-cadu ilə məşğul olmağı qadağan edib. Qurani-Kərim və hədislər bu kimi əməlləri insanı haqq yoldan azdıran, onu Allaha təvəkküldən uzaqlaşdıran təhlükəli sapmalar kimi təqdim edir. Buna baxmayaraq bəzi şəxslər dini terminologiyandan və müqəddəs simvollardan sui-istifadə edərək bu qadağan olunmuş əməlləri “dua yazmaq”, “cadunu açmaq”, “qismət açmaq”, “bağlamaq” kimi ifadələrlə pərdələyir və sadə, inancına bağlı insanları aldatmaqdan çəkinmirlər”.

İlahiyyatçının sözlərinə görə, bu cür fəaliyyətlərin cəmiyyətə vurduğu zərər çoxşaxəlidir: “Birincisi, bu şəxslər insanların inancını istismar edirlər. Çətin vəziyyətdə olan adamlar ümidlə bu “din adamları”na müraciət edir, lakin nəticədə həm maddi, həm də mənəvi istismara məruz qalırlar. İkincisi, bu hallar dinin nüfuzuna ciddi zərbə vurur. Xurafat və saxta dini praktikalar geniş yayıldıqca cəmiyyətdə dinə qarşı yanlış təsəvvür formalaşır. Nəticədə həqiqi din xadimləri ilə bu kimi sui-istifadəçilər eyni müstəvidə qavranılır ki, bu da ən böyük ədalətsizliklərdən biridir. Üçüncüsü, bu tendensiya elmi və tibbi yanaşmaları kölgədə qoyur. Bəzi hallarda insanlar real tibbi müalicədən imtina edərək bu cür şəxslərə üz tutur və bu, daha ağır fəsadlara bəzən isə geri dönməz nəticələrə səbəb olur”.

İlahiyyatçı bu problemin qarşısını almaq üçün bir sıra mühüm addımların atılmasının zəruri olduğunu vurğulayıb: “Təbliğat işi gücləndirilməlidir. İnsanlara dinin mahiyyəti düzgün izah edilməli, xurafatla həqiqi dini bilik arasındakı sərhəd aydın şəkildə göstərilməlidir. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscid imamları ilə birlikdə müəyyən layihələr həyata keçirir və bu kimi işlərin daha da genişləndirilməsi vacibdir. Media məsuliyyət daşımalıdır. Reytinq xatirinə bu şəxslərin efirə çıxarılması, onların reklam olunması cəmiyyətə qarşı məsuliyyətsizlikdir. Dini institutlar daha fəal və prinsipial mövqe sərgiləməlidir. Cəmiyyətə doğru dini bilik çatdırılmalı, saxta “din adamları” açıq şəkildə ifşa olunmalıdır. Hüquqi nəzarət gücləndirilməlidir. İnsanları aldadan və bu yolla maddi qazanc əldə edən şəxslərin fəaliyyəti hüquqi müstəvidə ciddi şəkildə qiymətləndirilməlidir. Unutmamalıyıq ki, din insanı azad edən, ona ümid və mənəvi güc verən ilahi bir sistemdir. Onu xurafat və aldatma alətinə çevirmək isə həm dini dəyərlərə, həm də cəmiyyətə qarşı açıq xəyanətdir. Bu gün hər birimizin üzərinə düşən vəzifə aydındır: dini saf şəkildə qorumaq, onu sui-istifadə edənlərə qarşı maarifləndirici və prinsipial mövqe ortaya qoymaq. Çünki dinin adı ilə edilən hər bir yanlışlıq, əslində, dinin özünə vurulan ən ağır zərbələrdən biridir”.

Afaq Mirayiq,
Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button