Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı

Gürcüstanın Kvemo Kartli Polis İdarəsi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları yalan ifadə vermək və qrup halında törədilmiş xuliqanlıq ittihamı ilə 11 nəfəri saxlayıblar.
Musavat.com Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha bir şəxsə isə sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı üzrə qiyabi şəkildə ittiham irəli sürülüb.
Məlum olub ki, həyata keçirilən xüsusi əməliyyat bu il aprelin 2-də qətlə yetirilən 20 yaşlı azərbaycanlı Ümid Bayramovun toy günündən bir gün əvvəl – ciyər axşamı törənində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı olub.
Televiziyanın məlumatına əsasən, saxlanılan şəxslər hadisə ilə bağlı yalan ifadələr verib və istintaq prosesinə mane olublar. İş üzrə əsas sübutlardan biri kimi video görüntülər göstərilir. Kadrlara əsasən, toyda olan gənclər arasında əvvəlcə sözlü mübahisə yaranıb, bu, daha sonra fiziki qarşıdurmaya çevrilib və Marneulinin mərkəzində davam edib. İstintaq versiyasına görə, qarşıdurmanın iştirakçılarından biri soyuq silahla təxminən 30 yaşlı kişini yaralayıb və hadisə yerindən qaçıb. Onun hələ də saxlanılmadığı bildirilir.
İstintaq Cinayət Məcəlləsinin 117-ci, 239-cu və 370-ci maddələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.