
Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.6 bəndinə əsasən ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında təbliğat işlərinin daha təsirli metodlarla aparılması, rayon və şəhərlərdə uşaq və gənclər arasında maarifləndirmə işinin səmərəli təşkili məqsədilə 10 aprel 2026-cı il tarixində Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə “Narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.Dövlət Himninin səsləndirilməsindən sonra tədbir öz işinə başlamışdır.Tədbiri giriş sözü ilə açan RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva çıxış edərək qeyd etmişdir ki, narkomanlıq cəmiyyətin ən ciddi sosial bəlalarından biri olmaqla xüsusilə gənc nəslin sağlamlığına və gələcəyinə böyük təhlükə yaradır. O, Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamış, maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.Daha sonra liseyin direktoru Teymur Mustafayev çıxış edərək bildirmişdir ki, təhsil müəssisələrinin əsas vəzifələrindən biri şagirdlərin yalnız bilik əldə etməsi deyil, eyni zamanda onların sağlam həyat tərzinə yönləndirilməsidir. O, belə tədbirlərin şagirdlərdə düzgün həyat seçimlərinin formalaşmasına mühüm töhfə verdiyini qeyd etmişdir.Ardınca RİHB aparatının Hüquq və Kadr məsələləri sektorunun müdiri Zaur Quliyev çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinin hüquqi məsuliyyətindən danışmış, bu sahədə qanunvericiliyin tələbləri barədə iştirakçıları məlumatlandırmışdır. O, gəncləri qanunlara hörmətlə yanaşmağa və bu kimi mənfi hallardan uzaq durmağa çağırmışdır.Tədbirdə çıxış edən Bərdə Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərid Şükürov narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən görülən işlərdən bəhs etmiş, gəncləri ayıq-sayıq olmağa və şübhəli hallarla qarşılaşdıqda müvafiq orqanlara məlumat verməyə səsləmişdir.Sonra Bərdə RMX PHŞ-nin psixoloqu Nazpəri Sadıqova çıxış edərək narkomanlığın psixoloji təsirləri, asılılığın yaranma səbəbləri və onun insan həyatına mənfi təsirləri barədə ətraflı məlumat vermişdir. O, gənclərə stressin düzgün idarə olunması və sağlam həyat tərzinin seçilməsi ilə bağlı tövsiyələrini çatdırmışdır.Sonda Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli çıxış edərək gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman və digər faydalı fəaliyyətlərə cəlb olunmasının narkomanlığa qarşı mübarizədə mühüm rol oynadığını qeyd etmişdir.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.











