Məhərrəmliyə qədər toy edənlərin nəzərinə! – AÇIQLAMA

Toy mövsümünün yaxınlaşması zərgərlik bazarında hər zaman canlanma yaradır. Xüsusilə bəzi aylarda toyların daha çox keçirilməsi qızıl məmulatlarına olan tələbi kəskin şəkildə artırır. Məsələn, may ayında toyların nisbətən az olması və iyun ayında məhərrəmlik dövrünün düşməsi səbəbindən bir çox cütlük toylarını aprel ayına planlaşdırır. Bu isə bazarda qızıl alışına böyük axın yaradır, qiymətlərə və təklifə təsir edir. Belə dövrlərdə zərgərlər həm satışların artması, həm də qiymət dəyişiklikləri ilə bağlı xüsusi vəziyyətlə qarşılaşırlar. Toyların əsasən aprel ayına təsadüf etməsi qızıl bazarında qiymətlərə və satış həcminə necə təsir edir və zərgərlər artan tələbi qarşılamaq üçün hansı addımları atırlar?
Musavat.com bildirir ki, bu barədə zərgər Zaur Balayev Demokrat.az-a açıqlamasında bildirib ki, toy mövsümünün pik nöqtəsi bazarı bir anda dəyişə bilir:
“Bunu biz ən çox məhz belə sıx aylarda hiss edirik. Apreldə toyların kütləvi şəkildə keçirilməsi o deməkdir ki, alıcı birdən-birə çoxalır, amma məhsul eyni sürətlə artmır. Bu zaman hazır məmulatlara maraq kəskin artır, xüsusilə klassik dəstlərə üzük, sırğa, boyunbağı kimi ən çox tələb olunan modellər tez satılır. Belə olduğu halda qiymətlərdə dalğalanma başlayır. Qızılın dünya bazar qiyməti dəyişməsə belə, yerli bazarda işçilik və hazır məhsul üzərində qiymət artımı müşahidə olunur. Çünki tələb çox olanda ustanın vaxtı daha dəyərli olur. Belə dövrdə zərgərlər bir neçə addım atır. Əvvəlcədən ehtiyat yığmaq çox vacibdir. Eyni zamanda, vitrin üçün daha çox universal dizaynlar hazırlayırıq, çünki müştəri sıxlıq olanda uzun-uzadı seçim etmək istəmir, tez qərar vermək istəyir”.
O deyib ki, belə dövrlərdə fərdi sifarişlər azalır, hazır məhsul satışı artır:
“Çünki toy tarixinə az qalan cütlüklər gözləmək istəmir. Amma daha əvvəl planlayanlar üçün eksklüziv sifarişlər yenə də davam edir və biz onları prioritet kimi saxlayırıq. Digər tərəfdən, bəzi zərgərlər qiymətləri süni şəkildə qaldırmaq əvəzinə kampaniyalar da edir ki, müştərini itirməsin. Çünki bu bazarda rəqabət çox güclüdür və alıcı artıq qiymətləri müqayisə edir”.