Ən böyük qaçqınlıq taleyi və unudulmayan acılar

İllər öncə demişdim, bu gün də eyni qətiyyətlə təkrar edirəm: ən böyük qaçqınçılığı və ən ağır acıları məhz Qərbi azərbaycanlılar yaşayıb. Onlar öz dədə-baba torpaqlarından təkcə bir dəfə deyil, dəfələrlə 3-4 dəfə deportasiya olunublar. Bu, sadəcə köç deyil, bütöv bir xalqın yaddaşına yazılmış faciədir.
Deportasiya zamanı insanlar Şərur istiqamətinə gətirilir, oradan isə vaqonlarla Kür qırağı aran rayonlarına köçürülürdü. Təsəvvür etmək çətin deyil ki, dağlıq ərazilərdə doğulub boya-başa çatmış, həmin iqlimə uyğunlaşmış insanlar üçün bu dəyişiklik nə qədər ağır və dözülməz olub. Onlar alışdıqları həyat tərzindən qoparılaraq ən isti, sərt şəraitə məcburi şəkildə yerləşdirilirdilər.
1949-cu ildə deportasiya edilən babam Müslüm kişi bu acı günləri belə xatırlayırdı: insanlar istiyə tab gətirə bilməyərək kütləvi şəkildə xəstələnir, malyariyaya yoluxur və dünyasını dəyişirdi. Bir çoxu yurd həsrətinə dözməyərək həyatını itirdi, aclıq və xəstəliklər saysız-hesabsız insanın ölümünə səbəb oldu. Ən ağırı isə o idi ki, deportasiya edilən bu insanlara o dövrdə SSRİ hakimiyyəti tərəfindən demək olar ki, heç bir köməklik göstərilməmişdi.
Mən, Vaqif Məhəmməd oğlu, çıxışlarımda dəfələrlə bu həqiqəti dilə gətirmişəm: ən böyük qaçqınlıq taleyini və ən böyük acıları Qərbi azərbaycanlılar yaşayıb. Mənə tez-tez sual verirlər: “Bəs Qarabağ müharibəsi qaçqınları?” Mən hər zaman qeyd edirəm ki, əlbəttə, onlar da çox böyük əziyyət və zillət çəkiblər. Lakin bir həqiqət dəyişmir — tarix boyu ən ağır deportasiya və qaçqınlıq faciəsi məhz Qərbi azərbaycanlıların taleyinə yazılıb.
Qərbi azərbaycanlılar öz yurdlarından dörd dəfə sürgün ediliblər. Halbuki, I Qarabağ müharibəsindən sonra ölkədə vəziyyət dəyişdi. Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Onun hakimiyyətə qayıdışı ilə qaçqın və məcburi köçkünlərin həyatında mühüm dönüş baş verdi. Qaçqınlara dövlət dəstəyi göstərildi, çörəkpulu təyin olundu, kommunal xərclərdən azad edildilər, onlar üçün yeni yaşayış məntəqələri salındı, tibbi və sosial təminatları gücləndirildi. Ulu Öndər tərəfindən bu istiqamətdə çoxsaylı fərman və sərəncamlar imzalandı. Hətta Qarabağdan köçkün düşmüş vətəndaşların məskunlaşdıqları yerlərdən çıxarılmaması ilə bağlı ciddi qərarlar qəbul olundu.
Təəssüf ki, bizim Qərbi azərbaycanlıların qaçqınlıq taleyi məhz yarıtmaz SSRİ hakimiyyəti dövrünə təsadüf etdiyindən, dövlət tərəfindən demək olar ki, heç bir köməklik göstərilmədi. Bu isə yaşanan faciənin ağrısını daha da dərinləşdirən əsas amillərdən biri oldu.
Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Təkcə Qarabağ qaçqınları deyil, bütövlükdə Azərbaycan xalqı ona çox şey borcludur. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, onun adı və xatirəsi də qəlblərdə yaşayacaq.
İctimai fəal: Vaqif Məhəmməd oğlu

