GündəmSiyasətXəbərlər

31 Mart – Tarixin Qanlı Səhifəsi və Unudulmayan Həqiqətlər

31 Mart Azərbaycan tarixində ən faciəli və ağrılı günlərdən biri kimi yadda qalmışdır. Bu gün “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur və xalqımıza qarşı törədilmiş amansız qətliamların xatirəsi dərin hüznlə anılır.

1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində minlərlə günahsız insan qadınlar, uşaqlar, qocalar vəhşicəsinə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni abidələr məhv edilmişdir. Bu hadisələr təkcə bir faciə deyil, eyni zamanda xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin bariz nümunəsidir.

Həmin dövrdə baş verən qırğınlar Bakı ilə yanaşı Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə də geniş vüsət almışdır. Minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansız şəkildə öldürülmüş, bütöv kəndlər yer üzündən silinmişdir. Xüsusilə Quba bölgəsində aşkar edilmiş kütləvi məzarlıqlar bu dəhşətli hadisələrin canlı sübutudur.

Bu faciənin uzun illər gizli saxlanılmasına baxmayaraq, Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixi həqiqətlər üzə çıxarılmış, bu qanlı hadisələrə siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 Mart tarixi rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu qərar tariximizə sahib çıxmaq və gələcək nəsillərə həqiqətləri çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

31 Mart yalnız keçmişin acı xatirəsi deyil, həm də xalqımızın birliyinin, mübarizə ruhunun və yaddaşının rəmzidir. Bu gün biz şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların qanının yerdə qalmadığını və həqiqətlərin daim yaşayacağını bir daha vurğulayırıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillər bu tarixi heç vaxt unutmayacaq.

Sadiq Xəlilov: Bərdə rayon İcra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciəti və inzibati işlər şöbəsinin müdiri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button