
Qerbiazerbaycanaz.tv media xəbər verir ki, Tərtərdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının təşkilatçılığı ilə 20 yanvar faciəsinin 36-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin və 20 yanvar faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad ediblər.Sonra rayon icra hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ülvü Nəcəfov çıxış edərək Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktından, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə düşmüş faciə qurbanlarından danışmış, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirib.Qeyd olunub ki, Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi.YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək, bildirdi ki,xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də İmperiyanın mərkəzində-Moskvada.Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.Sonra tədbirdə YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər DAİM-in direktoru Mehman Babayev, Əksipara İƏD–i üzrə nümayəndə Elvin Məhərli, İrəvanlı İƏD-i üzrə nümayəndəliyin əməkdaşı Lətifə İbrahimova, rayon mərkəzi xəstəxanasının nümayəndəsi Nailə Həsənova, rayon qaz istismarı sahəsinin əməkdaşı Kəmalə Baxşəliyeva çıxış ediblər. Çıxışlarda 20 yanvar faciəsinin müstəqilliyə aparan yolun başlanğıcı olduğu vurğulanıb və 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün respublikamızda görülən işlərdən, dövlət tərəfindən onlara ayrılan sosial paketlərdən və imtiyzlardan da söhbət açılıb, onların xatirəsinin hər zaman əziz tutulduğu qeyd olunub.














