GündəmXəbərlər

Bakı və Abşeron üçün su məsələsində yeni mərhələ başlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair keçirilən müşavirə kommunal sahədə növbəti texniki yenilənmə deyil, ölkənin su təhlükəsizliyi və şəhər dayanıqlığı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.Uzun illərdir Bakı və Abşeron yarımadasında içməli su ilə bağlı problemlər mövcud idi. Artan əhali sayı, urbanizasiya və mövcud infrastrukturun yüklənməsi bu sahədə köklü və sistemli yanaşmanı zəruri edirdi. Məhz bu zərurət genişmiqyaslı və müfəssəl Dövlət Proqramının qəbulunu qaçılmaz etdi.Müşavirədən dərhal sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” təsdiqləndi. Proqramın icrası ilə bağlı konkret tapşırıqların dərhal verilməsi dövlət başçısının bu sahəyə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.Proqramın əsas məqsədi Bakı şəhəri, onun qəsəbələri, Sumqayıt şəhəri və Abşeron rayonunun əhalisini dayanıqlı, fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək, eyni zamanda tullantı sularının təmizlənməsi, kanalizasiya şəbəkələrinin genişləndirilməsi və leysan sularının idarə olunmasını müasir standartlar səviyyəsinə yüksəltməkdir.Ən diqqətçəkən yeniliklərdən biri Abşeron yarımadası üçün dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu layihə ölkəmizdə ilk dəfə həyata keçiriləcək və tamamilə xarici investisiyalar hesabına reallaşdırılacaq. Bu, Bakıya əlavə su həcminin cəlb olunmasına, eyni zamanda suvarma üçün yeni alternativ mənbənin formalaşmasına imkan yaradacaq.2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Prezident İlham Əliyevin rəhbərliyi ilə su təhlükəsizliyinin artıq Azərbaycanda milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Yanvarın 12-də keçirilən müşavirə və ardınca proqramın təsdiqlənməsi dövlət başçısının sürətli qərarvermə, sistemli planlaşdırma və icraya yönəlik güclü siyasi iradəsinin göstəricisidir.Son beş ildə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri üzərində qurulan bu proqram bir daha sübut edir ki, Azərbaycan susuzluq risklərinə qarşı qabaqlayıcı və uzunmüddətli strategiya ilə hərəkət edir.Nəticə etibarilə, 2026–2035-ci illər üçün Dövlət Proqramı əhalinin rifahını prioritet istiqamət kimi müəyyən edən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun və regional miqyasda Azərbaycanı su təhlükəsizliyi sahəsində nümunəvi ölkəyə çevirən fundamental strateji sənəd kimi tarixə düşəcək.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button