Gündəm

12 Noyabr Azərbaycanın Konstitusiyası və Milli Qürur Günü.

Azərbaycanın müasir dövlətçilik tarixində elə günlər var ki, bu tarixlər xalqın yaddaşında azadlığın, milli iradənin və dövlət müstəqilliyinin təntənəsi kimi yaşayır. Belə əlamətdar günlərdən biri də 12 Noyabr – Azərbaycan Konstitusiyası Günüdür.

1995-ci ilin məhz bu günündə, Azərbaycan xalqı ümumxalq səsverməsi – referendum yolu ilə öz müstəqil dövlətinin ilk Konstitusiyasını qəbul etdi. Bu sənəd təkcə hüquqi akt deyil, həm də xalqımızın əsrlərlə davam edən azadlıq arzularının, milli dövlət qurmaq istəyinin parlaq ifadəsi idi.

Konstitusiyanın qəbulu ilə Azərbaycan, demokratik və hüquqi dövlət quruculuğunun möhkəm bünövrəsini qoydu. Dövlətin idarəçilik prinsipləri, vətəndaşların hüquq və azadlıqları, insanın ali dəyər kimi qorunması kimi fundamental müddəalar bu sənəddə öz əksini tapdı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş Konstitusiya, Azərbaycan xalqının iradəsini ifadə edərək, dövlətçiliyimizin hüquqi əsaslarını formalaşdırdı. Həmin gündən etibarən Azərbaycan, öz taleyini özü müəyyən edən, qanunlarla idarə olunan, beynəlxalq hüquqa əsaslanan müstəqil dövlət kimi inkişaf etməyə başladı.

Bu gün, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Konstitusiyanın prinsiplərinə sadiq qalaraq güclənməkdə, iqtisadi, siyasi və sosial cəhətdən yüksəlişini davam etdirməkdədir. Dövlətimizin əldə etdiyi nailiyyətlər, regionda sabitliyin və inkişafın qorunmasında tutduğu mövqe, bu qanunun – Konstitusiyanın verdiyi əsasların möhkəmliyini bir daha sübut edir.

12 Noyabr Konstitusiya Günü həm də hər bir azərbaycanlının vətəndaşlıq məsuliyyətini, dövlətə sədaqətini və milli kimliyinə olan bağlılığını yenidən dərk etdiyi gündür. Bu bayram xalqımızın dövlətinə, azadlığına və gələcəyinə olan inamını daha da möhkəmləndirir.

Bu gün hər bir Azərbaycan vətəndaşı fəxrlə deyə bilər: Biz hüquqi, demokratik və müstəqil Azərbaycanın vətəndaşlarıyıq! Biz Konstitusiyamızın keşiyində duran bir xalqıq!

Bu qürur dolu gün münasibətilə xalqımızı ürəkdən təbrik edir, Vətənimizin sarsılmaz birliyinin, müstəqilliyimizin əbədiliyinin davamını arzulayırıq.

Bərdə Şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru Teymur Həmidov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button