Qələbənin üçüncü paradı – 5 illiyə hazırlıq gedir

Azərbaycan təkcə hərbi üstünlüyünü deyil, həm də siyasi iradəsini təxribatçı qüvvələrə nümayiş etdirəcək
Xəbər verildiyi kimi, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. “Yeni Müsavat” bildirir ki, artıq parada hazırlıq işlərinə başlanılıb və növbəti Zəfər paradı olacaq. Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu dəfə isə qələbənin beş illiyi ilə bağlı üçüncü parad keçiriləcək.
Parad ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpasını, uzun illər Xankəndidə yuva qurmuş erməni separatizminin kökünün kəsildiyini bütün dünyaya bir daha nümayiş etdirəcək. Eyni zamanda dövlətin suveren hüquqlarını tam şəkildə həyata keçirdiyini və bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu göstərəcək.
Qələbə paradları Azərbaycan xalqı üçün böyük mənəvi dəyər daşıyır. Bu tarixi gün cəmiyyətimizdəki milli birliyi möhkəmləndirdi, həmrəyliyimizin, milli vəhdətimizin gücü ilə qazandığımız tarixi zəfərin fərəhini bizə yaşatdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu şad oldu. 30 il ərzində yurd həsrətinin acısından, xalqımızın başına gətirilən müsibətlərin ağırlığından ürəyimizə daman göz yaşlarımız sevinc göz yaşlarına çevrildi.
Azərbaycan belə bir paradla dünya ictimaiyyətinə, xüsusilə Cənubi Qafqaz bölgəsində sülh və sabitlik arzulayan xarici qüvvələrə də, müxtəlif təxribatlarla regionumuzu qarışdırmaq istəyənlərə də mühüm bir mesaj vermiş olacaq. Dövlət bu paradla Azərbaycanın təkcə hərbi üstünlüyünü deyil, həm də siyasi iradəsini və diplomatik strategiyasını yenidən nümayiş etdirəcək. Bu tədbir bölgədə digər tərəfləri sülhə və sabitliyə dəvət edən, ölkəmizin öz ərazi bütövlüyünü qorumaq istiqamətində qətiyyətini göstərən mühüm addım sayılır.
Zəfər paradı illərdən bəri apardığımız haqq savaşındakı tarixi qələbəmizin böyük nümayişidir. Bu parad vasitəsilə tarixin ən qüdrətli Azərbaycanını bir daha təqdim edəcəyik. Ölkənin mədəni və tarixi irsinə sadiqliyinin, Qarabağın tarixi sahiblərinin yenidən bu torpaqlara qayıtmasının simvolik təcəssümü kimi dəyərləndirmək lazımdır. Parad zamanı Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi güc ordumuza olan etimadın təntənəsinə çevrilir. Azərbaycan Prezidenti dünyada Qarabağ münaqişəsi ilə bağlı aydın təsəvvür formalaşdırmağa nail oldu. Xalqımızın torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizənin haqq işi olduğunu, tarixi ədalətə, beynəlxalq hüquqa əsaslandığını sübuta yetirdi. Azərbaycanın bu prinsipial mövqeyini ali tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ölkəmizə qarşı gələcəkdə hər hansı ittihama əsas verməmək üçün sülh danışıqlarına sona qədər sadiq qaldı.

Ramil Məmmədli
Bu mövzuda bizimlə söhbətləşən hərbi ekspert Ramil Məmmədli bildirdi ki, qələbənin beş illiyi ilə bağlı keçiriləcək paradda Azərbaycan Ordusunun arsenalında olan yeni müasir hərbi texnikalar nümayiş etdiriləcək. Onun sözlərinə görə, bu da paradı əvvəlkilərdən fərqlənəcək. R.Məmmədli qeyd etdi ki, Azərbaycan Ordusu indi daha da təcrübəlidir və 5 il əvvəllə müqayisədə xeyli dərəcədə peşəkarlığı artıb: “Bu həm də son 5 ildə keçirilən müxtəlif təlimlərin nəticəsidir. Ordumuz Türkiyə və Pakistanla, Mərkəzi Asiya ölkələri ilə, İran və digər dövlətlərlə ayr-ayrı adlar altında hərbi təlimlərdə iştirak edib. Hazırda həm quru qoşunlarının, həm dəniz qüvvələrimizin, həm də hərbi hava qüvvələrinin peşəkarlığının artırılması istiqamətində iş aparılır. Həmçinin bu 5 il ərzində Azərbaycan yeni silah-sursat, müasir hərbi texnikalar alıb. Noyabrın 8-də keçiriləcək paradda Ordumuzun artan qüdrəti nümayiş etdiriləcək. Təbii ki, bəzi qüvvələr bunu fərqli şəkildə təqdim edə bilər. Deyilə bilər ki, ortada sülh anlaşması var və niyə Azərbaycan silahlanır…”
Hərbi ekspert xatırlatdı ki, əvvəla, Azərbaycanla Ermənistan yekun sülh müqaviləsi imzalamayıb: “İkincisi, müharibənin başa çatması o demək deyil ki, Ordumuzun hərbi arsenalı yenilənməməlidir. Bu gün müharibə aparmayan o qədər ölkə var ki, hər il silah təchizatını gücləndirir. Ona görə də bu fikirlər məntiqsizdir. O zaman Niderland, yaxud Danimarka kimi dövlətlər qonşularından hücum, savaş gözləmədiyi halda niyə “F-16” qırıclarından tutmuş digər ağır silahlara qədər sahibləniblər? Üstəlik, Azərbaycan qarşıdakı illərdə hərbi xərclərini azaltmağı planlaşdırır. Ən əsası isə bu bir Zəfər paradıdır və Ordumuzun qazandığı tarixi qələbənin qeyd olunmasıdır. Necə ki, Çində faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı hərbi parad keçirildi”.
Hərbi analitik vurğuladı ki, Azərbaycana qələbə yaraşır və bundan sonra da zəfərin 10, 15, 20 illiyi ilə bağlı hərbi paradlar keçirilməlidir. R.Məmmədli əlavə etdi ki, Azərbaycan postsovet məkanında işğalla üzləşmiş digər ölkələrlə müqayisədə suverenliyini tam bərpa etmiş yeganə ölkədir.
Hazırladı: Emil Salamoğlu