Cəmiyyət

Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub

Dövlət Məşğulluq Agentliyinin rəhbəri Sadiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) fəaliyyəti və iş mühiti ilə yaxından tanış olub. Səfər çərçivəsində nümayəndə heyəti “ARAZ” supermarketlər şəbəkəsi və “OBA” marketlər şəbəkəsinin ofislərini ziyarət edib. Qonaqlara əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, insan resurslarının idarə edilməsində tətbiq olunan beynəlxalq standartlar və innovativ iş mühiti barədə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti ilə VŞQ-nin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun, eləcə də Şirkətlər Qrupunun digər rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı Aydın Talıbov 30 ildən artıq fəaliyyəti ərzində Veysəloğlu Şirkətlər Qrupunun ölkə iqtisadiyyatına verdiyi töhfələr, məşğulluğun təşviqi, sosial məsuliyyət və dayanıqlı inkişaf sahəsində həyata keçirilən layihələr barədə geniş məlumat verib. A. Talıbov bildirib ki, ölkədə iş adamları və özəl sektor üçün yaradılmış münbit şərait, eləcə də dövlətin davamlı dəstəyi real bizneslərin formalaşmasına və inkişafına geniş imkanlar yaradır.

Öz növbəsində Dövlət Məşğulluq Agentliyinin rəhbəri Sadiq Əliyev iş dünyasının aparıcı nümunələrindən biri olan Veysəloğlu Şirkətlər Qrupunun və onun tərkibində fəaliyyət göstərən bizneslərin fəaliyyətini yüksək qiymətləndirib. O, Qrupa daxil olan şirkətlərdə əməkdaşlar üçün yaradılan iş şəraitinin, yeni iş yerlərinin açılmasının, xüsusilə regionlarda qadın məşğulluğuna dəstəyin, gender bərabərliyinin təşviqinin və yeni peşə sahiblərinin hazırlanmasında göstərilən səylərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə “ARAZ” supermarketlər şəbəkəsinin İnsan Resursları və Biznesə Dəstək direktoru Pərviz Qasımov da çıxış edərək “ARAZ Akademiyası”nın fəaliyyəti barədə ətraflı məlumat verib. O, təlim və sertifikasiya proqramları, pərakəndə satış sahəsində insan kapitalının yetişdirilməsi təşəbbüsləri, həmçinin dual təhsil modelləri çərçivəsində peşə məktəbləri və kolleclərlə əməkdaşlığın vacibliyi barədə danışıb. Həmçinin pərakəndə satış texnologiyaları, innovasiyaların tətbiqi və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən layihələr barədə də geniş məlumat verilib.

Görüşdə iştirak edən “ARAZ” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov işğaldan azad olunmuş ərazilərdə “ARAZ” satış nöqtələrinin yaradılması, logistik imkanların genişləndirilməsi məqsədilə Cənubi Qafqazın ən iri logistika mərkəzlərindən biri sayılan Məmmədli Logistika Mərkəzində görülən işlər, eləcə də qida təhlükəsizliyi və keyfiyyətin idarə olunması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tərəflər növbəti dövrdə sahəvi peşə hazırlığı, sertifikasiya və məşğulluğun genişləndirilməsi ilə bağlı birgə layihələrin icrası istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button