Müstəqilliyimiz – Qürurumuz və Şərəfimizdir

18 oktyabr – Azərbaycan xalqının tarixində qürur dolu, əlamətdar gündür. Bu gün, 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə xalqımız uzun illər arzuladığı azadlığa və suverenliyə qovuşdu. Hər bir Azərbaycan vətəndaşı üçün bu gün yalnız tarixdə bir tarix deyil, eyni zamanda milli iradəmizin, qürurumuzun və Vətən sevgimizin təntənəsidir.
Müstəqillik – xalqımızın qanı və canı bahasına qazandığı ən ali dəyərdir. Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində misilsiz işlər görmüş, dövlətçiliyimizin möhkəm təməlini yaratmışdır. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyada öz layiqli yerini tutdu, siyasi və iqtisadi sahədə möhkəm mövqe qazandı.
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müasir, qüdrətli və qalib dövlətə çevrilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə müstəqilliyimizin sarsılmaz olduğunu və xalqımızın birliyinin gücünü bir daha təsdiqlədi. Ölkəmiz həm daxildə, həm də beynəlxalq aləmdə nüfuzunu artırır, iqtisadi, sosial və mədəni sahələrdə davamlı inkişafı təmin edir.
Müstəqilliyimiz yalnız keçmişin zəngin irsini deyil, həm də gələcəyimizin təhlükəsizliyini təmin edir. Bu müqəddəs gündə hər bir azərbaycanlı qəlbində bir qürur hissi ilə deyir: “Mən azad və müstəqil Azərbaycan vətəndaşıyam!” Hər birimizin üzərində böyük məsuliyyət var bu müstəqilliyi qorumaq, gələcək nəsillərə güclü və təhlükəsiz dövlət mirası qoymaq.
Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbi kollektivi adından bütün Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, müstəqilliyimizin əbədi, bayrağımızın daim uca olmasını arzulayırıq!
Nərgiz Həsənova, Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbinin direktoru.