“İlham Əliyevin Çində təmtəraqlı qarşılanması dünyaya açıq mesajdır” – Deputat

“Prezident İlham Əliyevin Çinə dövlət səfər ikitərəfli münasibətlər baxımından, həmçinin qlobal siyasi müstəvidə mühüm əhəmiyyət daşıyır. Çin rəhbərliyinin dövlət başçımızı digər liderlərdən fərqli olaraq xüsusi təmtəraqla qarşılamağı təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin, regionda yaratdığı yeni geosiyasi reallığın və beynəlxalq müstəvidə artan nüfuzunun təzahürüdür”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Prezident İlham Əliyevin Çinə səfərindən danışarkən bildirdi.
“Azərbaycan qalib dövlət olaraq öz sözünü demiş, regional və qlobal əməkdaşlıq üçün etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Çin kimi dünya gücünün Prezident İlham Əliyevə göstərdiyi yüksək ehtiram Azərbaycanın beynəlxalq arenada artan rolunun, balanslaşdırılmış və müstəqil xarici siyasət kursunun ən bariz göstəricisidir. Bu səfər həm də iqtisadi, enerji, nəqliyyat və “Orta Dəhliz” kimi strateji layihələrdə Azərbaycan-Çin əməkdaşlığının daha da möhkəmlənəcəyini göstərir”, – deyə o vurğuladı.
Millət vəkili qeyd etdi ki, Azərbaycan öz coğrafi mövqeyi, siyasi sabitliyi və beynəlxalq etibarı ilə artıq qlobal ticarət və enerji xəritəsində mühüm bir mərkəzə çevrilib.
“Çində dövlət başçımız cənab İlham Əliyevə göstərilən təmtəraqlı qarşılanma, dövlətimizin qələbə ilə formalaşdırdığı yeni regional reallığın və Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul edilməsinin açıq mesajıdır. Bu, həm də xalqımız üçün böyük qürur mənbəyidir”.