Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə”28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nicat İsmayılov bildirib ki, 28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. 104 il əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatında böyük tarixi hadisə kimi yer aldı. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı daim azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəllərində, dünya siyasi nizamının yenidən qurulduğu dövrdə, xalqımız öz istiqlaliyyətini elan edərək Şərqdə ilk demokratik dövlət quruluşunu – Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Bu hadisə müstəqillik tariximizin başlanğıcı olmaqla milli dövlətçilik salnaməmizi zənginləşdirmişdir.
Tədbirin sonunda məktəbin direktoru Nicat İsmayılov tədbir iştirakçılarını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edərək onlara xoş arzularını çatdırıb.














