İRƏVANIN “RƏNCBƏR”İ

1920-ci il noyabr ayının 29-da Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra burada da ictimai-mədəni mühit kommunist ideologiyasının təsiri ilə yeni forma və məzmun almağa başladı. Hakimiyyətə kommunist-beynəlmiləlçi cildinə girmiş daşnaklardan daha məkrli, daha siyasətbaz adamlar gəldi. Onlar özlərinin anti-türk siyasətini bolşevik maskası altında incə üsullarla həyata keçirməyə başladılar. Amma iqtisadi cəhətdən Azərbaycandan tam asılı olduqları üçün çirkin məqsədlərini açıq şəkildə həyata keçirə bilmirdilər.
Bütün respublikalarda olduğu kimi, Qərbi Azərbaycanda da kommunist-bolşevik ideologiyasının təbliğini həyata keçirmək üçün ilk növbədə, mətbuat orqanının yaradılması ən vacib məsələlərdən idi. Bu məqsədlə 1921-ci il yanvar ayının əvvəlində İrəvanda Azərbaycan dilində Ermənistan İnqilab Komitəsinin orqanı olan ilk bolşevik mətbuatı – “Kommunist” qəzeti nəşr olunmağa başladı. Qəzetin redaktoru Həmid Qənizadə təyin olunmuşdu. 1921-ci il fevral ayının 8-nə qədər qəzet ərəb əlifbası ilə 100-150 nüsxə çap edildi. “Zəngi” qəzeti 1927-ci il 47-ci nömrəsində bu barədə yazmışdı: “Er-mənistanda Şura hökuməti qurulandan sonra İrəvanda türkcə həftəlik “Kommunist” qəzetəsinin nəşrinə başlandı, qəzetə bir ay davam etdikdən sonra bir para səbəblərə görə qapandı”. 1937-ci il oktyabrın 2-də yenidən Azərbaycan dilində “Kommunist” adı ilə nəşrə başlayan qəzet də bu barədə məlumat vermişdi: “Sovet hökumətinin ilk günlərində partiyamız Ermənistanda Azərbaycan dilində “Kommunist” adında qəzetə çıxarmağa başlamışdır”. Bir aya yaxın ömür sürən qəzetin cəmi üç nömrəsi çıxmışdır. 1921-ci il fevral ayının ortalarında erməni dasnakları İrəvanda yenidən terror, qətliamlar, total qırğınlar və dağıntılar törədərkən “Kommunist” qəzetinin redaksiyasını yandıraraq məhv etmişlər. Bununla da qəzetin fəaliyyəti dayandırılmışdır. “Kommunist” qəzetinin nömrələri arxivlərdə qorunmadığından bu mətbu orqanın fəaliyyəti barədə ətraflı fikir söyləmək çətindir.
1921-ci il iyul ayının əvvəlində azərbaycanlı ziyalıların, xüsusən də Azərbaycandan İrəvana Xalq Daxili İşlər Komissarının müavini vəzifəsinə göndərilən, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Ermənistan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyətinin üzvü, xalqımızın böyük oğlu Bala Əfəndiyevin, Ermənistan Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərən “Xırda Millətlər Şurası”nın sədri Cahangir Ələkbərbəyovun təşəbbüsü və fədakarlığı ilə EK (b) PMK tərəfindən “Rəncbər” adlı yeni qəzetin nəşrinə icazə verilmişdir. Vaxtilə “Sovet Ermənistanı” qəzetinin redaktoru olmuş ictimai xadim Cəfər Vəlibəyov İrəvanda sovet dövrü ana dilli mətbuat orqanının əsasının qoyulması barədə yazır: “1921-ci ilin xoşqədəmli isti yay günlərindən birində axşamçağı İrəvanda azərbaycanlılar klubunda iclas çağırılmışdı. Bu klubun 150 nəfərlik iclas-tamaşa salonu dərnək məsğələləri və cürbəcür oyunlar təşkil etmək üçün iki otağı və geniş eyvanı adamlarla dopdolu idi. İclasda Ermənistan SSR Maarif Nazirliyi nəzdində fəaliyyət göstərən “Xırda millətlər şurası”nın sədri Cahangir Ələkbərbəyov çıxış etdi. O bildirdi ki, respublikada tezliklə Azərbaycan dilində qəzet çıxacaqdır. Sonra isə natiq oxumağı bacaranların hamısını qəzetə abunə yazılmağa çağırdı. Bu çağırışa orada “hamımız yazılarıq!” nidaları və sürəkli alqıslarla cavab verdilər”.
Araşdırmalardan məlum olur ki, toplantıda iştirak edən azərbaycanlı ziyalılar, maarifçilər və müxtəlif sahələrdə çalışan peşə-sənət adamlarından 300 nəfərə qədəri “Rəncbər” qəzetinə abunə yazılmışlar. Çox keçmədən abunəçilər 1921-ci il iyul ayının 22-də “Rəncbər” qəzetinin ilk nömrəsini alırlar. Qəzetin nəşri Qərbi Azərbaycanda soydaşlarımız arasında geniş əks-sədaya səbəb olmuşdu. “Rəncbər” qəzetinin ilk çıxan sayında onun əsas vəzifələri, bu vəzifələrin yerinə yetirilməsi, partiya, sovet, komsomol təşkilatlarının, bütün zəhmətkeşlərin və ziyalıların qəzetə yaxından köməklik göstərmələri, rəhbər işçilərin, fəhlə və kəndlilərin rəy və arzuları, bölgələrdən qısa məlumatlar, respublika xəbərləri və bir neçə xarici xəbərlər dərc olunmuşdu.
Qəzetin Azərbaycandakı arxivlərdə nümunə üçün heç bir nüsxəsi qorunub saxlanmamışdır. Moskvadakı Mərkəzi kitabxanada bütün nömrələri olmasa da, 1, 3, 46, 55 və 78-ci nömrələri dövri mətbuat fondunda mühafizə olunur. Əldə etdiyimiz həmin nömrələri bu mətbu orqanla bağlı elmi dövriyyəyə daxil edilmiş bir sıra yanlış məlumatların dəqiqləşdirilməsinə aydınlıq gətirdi. Bütün mənbələrdə “Rəncbər” qəzetinin 1922-ci ildə nəşr edildiyi göstərilir və təəssüf ki, bu məlumatlar onun nəşri tarixi ilə bağlı həqiqəti əks etdirmir. Qəzetin ilk nömrəsi 1921-ci il 22 iyul tarixində çap olunmuşdu. Ermənistan Kommunist firqəsi mərkəzi və İrəvan komitələrinin nəşr əfkarı olan “Rəncbər” qəzeti ilk vaxtlar bir sıra problemlər və kağız qıtlığı ilə əlaqədar olaraq kiçik həcmdə – 2 səhifədən ibarət ərəb əlifbası ilə nəşr olunmuşdur. Həftəlik qəzet 1922-ci il 30 sentyabr 47-ci nömrəsinə kimi 2 səhifədən ibarət 500 tirajla çıxmışdır. 8 oktyabr 1922-ci il tarixli 48-ci nömrəsindən etibarən 4 səhifədən ibarət çap olunmuşdur. Qəzetin yalnız iki – 8 oktyabr 1922-ci il tarixli 48-ci və 15 oktyabr 1922-ci il tarixli 49-cu nömrələri 600 tirajla nəşr edilmişdir. 48-ci nömrəsinə kimi “Heyyəti-təhriyyə” (Redaksiya heyəti) imzası ilə çıxmışdır. 49-cu nömrəsindən etibarən qəzetin ilk rəsmi redaktoru vəzifəsinə Bala Əfəndiyev təyin edilmişdir.
“Rəncbər” qəzeti onun redaktoru Bala Əfəndiyevin və əməkdaşları Məmmədəli Nasirin, Mustafa Hüseynovun, Mehdi Kazımovun, Cahangir Ələkbərbəyovun böyük əzmkarlığı və səyi ilə araya-ərsəyə gəlirdi. Redaksiyada cəmi 5 nəfər – redaktor, makinaçı, mətbəədə isə üç nəfər – iki mürəttib və bir çapçı işləyirdi. Qəzetin ümumi tirajı 500 nüsxə olduğundan geniş oxucu kütləsini əhatə etdi. Bütün bunlara baxmayaraq, qəzet ziyalılar tərəfindən izlənilir, onun hər yeni nömrəsi əldən-ələ gəzir, sevilə-sevilə oxunurdu. Bala Əfəndiyevin qəzetə redaktor təyin olunması bu mətbu orqanın həyatında dönüş nöqtəsi olmuşdur. Onun böyük zəhməti nəticəsində qəzet 50-ci nömrəsindən etibarən 1000 tirajla nəşr olunmuşdur. Qəzet nəşrə başladığı ilk gündən dövrün tələblərindən irəli gələn ideologiyanın təbliği sahəsində aparılan işləri ön plana çəkmiş və ətraflı işıqlandırmışdır. Bir qayda olaraq qəzetin səhifələrində verilən materiallar və xəbərlər “Kənd təsərrüfatı”, “Pambıq cəbhəsində”, “Zaqafqaziya federasiyonunda”, “Qəzalarda”, “Teleqraf xəbərləri”, “Şuralar İttifaqında” və s. rubrikalar altında dərc edilirdi.
Qəzetdə “Maarif işləri”, “Maarifə bir nəzər”, “Müsəlmanlar arasında məktəb işləri” rubrikaları altında bir neçə məqalə dərc edilmişdir. “Maarifə bir nəzər” rubrikası adı altında verilən yazıda Qərbi Azərbaycanda daşnakların hakmiyyətə gəlməsi nəticəsində Azərbaycan ədəbi-mədəni mühitinin tənəzzülə uğraması, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra milli maarifçilik və təhsil məsələləri ilə bağlı ümumi vəziyyət, ictimai-siyasi mühit şərh edilmişdir: “Əski zamanlarda burada (İrəvanda) güclü ziyalı kütləsi lazımi qədər var idi. Fəqət keçmiş daşnak hakimiyyətinin apardığı milli və dağıdıcı siyasət bu ziyalıları Ermənistandan, xüsusilə İrəvandan Azərbaycana, İrana və Türkiyəyə dağıtdı. Nəinki ziyalılar, öylə də məktəblər daşnak hökuməti tərəfindən dağıdıldı. Bu saat İrəvanda ancaq 5 nəfərə kimi müəllim qalıb. Bu qədər qüvvə ilə məktəb və maarif ocaqlarının Ermənistanda artması bu vaxtlarda qeyri-mümkündür. Ermənistanda maarif və tərəqqi işlərinin irəli getməsi üçün Şura Azərbaycanda yaşayan İrəvanlı ziyalı yoldaşların buraya gəlməsi ilə maarif işlərimizə kömək etməsi ilə ola bilər”.
1922-ci ildən başlayaraq Azərbaycanda yeni əlifbaya keçmək haqqında geniş hərəkat başlanmışdı. “Rəncbər” qəzeti müxtəlif nömrələrində əhali arasında savadsızlığı ləğv etmək və milli-mədəni tərəqqiyə nail olmaq üçün həyata keçirilən mühüm məsələlərdən olan əlifba islahatı ilə bağlı bir neçə məqalə dərc etmişdir. Qəzetin 46-cı sayında dərc olunmuş “Yeni türk əlifbası haqqında” adlı məqalədə ərəb əlifbasının dilimizə yaramadığından və yeni əlifbanın üstünlüklərindən ətraflı bəhs edilmişdir. Məqalədə Yeni Türk Əlifba Komitəsinin İrəvan şöbəsinin təşkili və Bala Əfəndiyevin sədr, Mustafa Hüseynovun katib, Cəfər Əliyevin isə şöbənin işçisi təyin edilməsi ilə bağlı məlumatlar öz əksini tapmışdır.
Qəzet İrəvanda Azərbaycan incəsənətinin inkişafı məsələlərinə də böyük qayğı ilə yanaşmışdı. 1922-ci ildə İrəvan Azərbaycanlı dram dərnəyi adı ilə yenidən bərpa olunmuş teatrın ilk tamaşası haqqında qəzetdə dərc olunan “Müsəlman teatrosunda” adlı məqalədə müəyyən məlumatlar verilmişdir. Sovet hökumətinin incəsənətin inkişafına göstərdiyi qayğının təzahürü kimi təqdim edilən məqalədə yeni təşkil olunmuş İrəvan dram dərnəyi tərəfindən ilk dəfə İrəvan fəhlə klubunun səhnəsində “Türk inqilabı” və “Kərbəlayi Güzəməlinin övrəti” tamaşasının göstərildiyi böyük fərəh hissi ilə oxucuların diqqətinə çatdırılmışdır. “Rəncbər” qəzetinin nömrələrini ardıcıl izlədikdə bədii ədəbiyyat və ədəbiyyatşünaslıq məsələlərinə, şeir, nəsr, dramaturgiya, bədii tərcümə, müxtəlif janrlara, o cümlədən felyetonlara demək olar ki, rast gəlinmir.
“Rəncbər” qəzeti mövcud dövrün şəraitinə baxmayaraq, yeri gəldikcə çeşidli hadisələri və məsələləri də öz səhifələrində işıqlandırırdı. Qəzet 1922-ci il 29 noyabr tarixli sayında xalqımızın milli oyanışına, azadlıq ideyalarına böyük töhfələr vermiş “Molla Nəsrəddin” satirik məcmuəsinin yenidən fəaliyyətə başlamasını böyük sevinc hissi ilə müjdə verərək yazırdı: “Aldığımız məlumata görə bu yaxın günlərdə yenə də Mirzə Cəlil Məmmədquluzadənin təhti-müdiriyyətində olaraq ümumtürk aləminin sevgili məcmuəsi “Molla Nəsrəddin” yenidən nəşrə başlamışdır. Əskidə müvəffəqiyyət göstərib, yenidən nəşrə başlayan “Molla Nəsrəddin” rəfiqəmizə milli müvəffəqiyyətlər diləriz”.
1918-1920-ci illərdə Qərbi Azərbaycanda erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aksiyası zamanı bölgədə Azərbaycan ədəbi-mədəni həyatı demək olar ki, tamamilə tənəzzülə uğramışdı. “Rəncbər” qəzetinin nəşri Qərbi Azərbaycanda Azərbaycan ədəbi-mədəni həyatının yenidən canlanmasında nəsillər arasında qırılmuş yaradıcı əlaqələrin bərpasında həm də ilk körpü rolunu oynamışdır.
Zaqafqaziya Ölkə Partiya Komitəsi və respublikaların mərkəzi komitələri milli dillərdə nəşr edilən qəzet və jurnalların fəaliyyətinə müntəzəm nəzarət edirdi. Ermənistanın ilk Maarif Komissarı, sonralar isə EK (b) P MK-nın katibi olmuş Aşot Ohanesyan abunəçi azlığını bəhanə gətirərək “Rəncbər” qəzetinin bağlanmasına sərəncam vermişdir. “Zəngi” qəzeti nəşr olunmasının iki illiyi münasibətilə “İki bayram” adlı redaksiya məqaləsində yazırdı: “Ermənistanda şura hökuməti qurulduqdan sonra İrəvanda türkcə həftəlik “Kommunist” qəzetəsi nəşrinə başlandı. Qəzetə bir neçə ay davam etdikdən sonra bir para səbəblərə görə qapandı və bir neçə ay sonra “Rəncbər” qəzetəsi nəsrinə başlandı. O da bir neçə ay davam etdikdən sonra qapandı”. Ermənistanın şovinist hakim dairələri İrəvanda yaşayan azərbaycanlıların qəzet nəşr etdirmək iqtidarında olmadıqlarını və ən azı 500 abunəçi vermək lazım olduğunu bəhanə gətirərək azərbaycanlı oxucuları uzun müddət ana dilində mətbuat orqanından məhrum etdilər. Halbuki qəzetin abunəçilərinin sayı 1000-dən artıq idi. İkincisi isə UİK (b) P Zaqafqaziya Ölkə Partiyası Komitəsi və onun mərkəzi orqanı olan “Zarə Vostoka” (“Şərqin şəfəqi”) qəzeti göstərirdi ki, “Azərbaycan mətbuatı kəmiyyət və keyfiyyətinə görə Zaqafqaziyada birinci yeri tutur”. Çünki 1920-ci ildən Bakıda “Bakinskiy raboçiy” (rus dilində), “Kommunist” (Azərbaycan dilində), “Kommunist” (erməni dilində) qəzetləri nəşr edilirdi. Bu azmış kimi Şuşada ermənicə “Qöxnaüakan kommuna” (“Kəndli kommunası”) qəzetləri çap olunurdu. Bu iki tutarlı fakta baxmayaraq, yenə Zaqafqaziya Ölkə Partiya Komitəsi 1922-ci ilin sonunda İrəvanda və Batumidə Azərbaycan dilində nəşr olunan qəzetlərin nəşrinin dayandırılması haqqında qərar qəbul etmişdi. Lakin Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan “Rəncbər” qəzetinin fəaliyyəti qərarın qəbulundan 6 ay sonra, 1923-cü ilin may ayının əvvəlində dayandırılmışdır. Uzun onilliklər boyu Zaqafqaziyada mətbuat və kitab nəşrinin erməni məmurlarının inhisarında olması mədəniyyətimizə ağır zərbələr vurmuşdur. Erməni şovinist dairələri azərbaycanlılara qarşı siyasi-mənəvi terroru ardıcıl şəkildə davam etdirmişlər. Bütün bunlara baxmayaraq, “Rəncbər” qəzetinin mətbuat tariximizdə özünəməxsus rolu və yeri olmuşdur.
Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent.