Xəbərlər

BAKININ “QARA QİTƏ” SİYASƏTİNİN ŞİFRƏLƏRİ

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Azərbaycanın Afrika ölkələri ilə də yaxın əlaqələr qurduğunu və bunun əhəmiyyətinin çox yüksək olduğunu söylədi: “Afrika geniş coğrafiyası və zəngin yeraltı təbii sərvətləri ilə hər zaman böyük güclər arasında geoiqtisadi mübarizənin mərkəzlərindən biri olub. Qitə üzərində bu gün də Fransa, ABŞ, Böyük Britaniya, Çin, Türkiyə və Rusiya kimi böyük dövlətlər müxtəlif yanaşmalar fonunda hakimiyyət üzərində iddialarını nümayiş etdirirlər. Azərbaycanın da Afrika ölkələri ilə siyasi əlaqələri son illərdə əhəmiyyətli dərəcədə inkişaf etməkdədir. Qoşulmama Hərəkatı çərçivəsində qitə dövlətləri ilə dərinləşən münasibətlər, COP29 çərçivəsində yeni inkişaf müstəvisinə keçid etdi. Bu əlaqələr bir sıra sahələrdə, xüsusilə iqtisadi, siyasi və mədəni sferada özünü daha qabarıq şəkildə göstərir. Azərbaycan Afrika ölkələri ilə diplomatik əlaqələrini genişləndirir. Rəsmi Bakı Afrika İttifaqı ilə əməkdaşlığı təşviq edir və BMT başda olmaqla, beynəlxalq təşkilatlarda qitə dövlətlərinin maraqlarını müdafiə edir. Eyni zamanda müxtəlif beynəlxalq platformalarda Afrikanın inkişafına yönəlmiş layihələrdə fəallıq nümayiş etdirir. Bununla yanaşı, rəsmi Bakı Afrika dövlətləri ilə ticari əlaqələrin genişləndirilməsində maraqlı olduğunu göstərərək neft və qaz istehsalı sahəsindəki təcrübəsini bölüşür və energetika sahəsində əməkdaşlığı daha da artırır. Ölkəmiz Afrikada mədəniyyət və təhsil sahəsində mühüm işlər görür, müxtəlif proqramlar vasitəsilə zəngin mədəni irsimizi tanıtmağa çalışır. Bu sahələrdə görülən işlər Azərbaycanla Afrika ölkələri arasındakı münasibətlərin daha da inkişaf etməsinə xidmət edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button