Cəmiyyət

Şuşasız zəfər yarımçıq qalar

2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Şuşada başa çatdı və düşmən kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. Şuşa tarixən Azərbaycan üçün müstəsna əhəmiyyətə malik şəhər olub. Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında dediyi “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” sözləri böyük əhəmiyyətə malikdir. Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq qalar” söyləməsi Şuşanın mənəvi dəyərindən əlavə, strateji əhəmiyyətinin olduğunu də deməyə əsas verir. Eyni zamanda, Şuşa Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtıdır, qədimiliyi və müasirliyi özündə əks etdirən tarixi şəhərimizdir. Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu ümummilli lider Heydər Əliyev belə ifadə etmişdir: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi və 28 ildən sonra şəhər əsl sahiblərinə qayıtdı. Şuşanın bizim üçün nə qədər əziz olmasını işğaldan azad edilmiş bir il ərzində görülən işlərin timsalında da görmək mümkündür. Ermənistan şəhərin tarixini saxtalaşdıraraq özününküləşdirməyə çalışıb, həmçinin Şuşanın işğal altında olduğu 28 ildə şəhərin dağıdılmasından başqa bir iş görünməyib. Şuşa ermənilərin də qeyd etdiyi kimi, onların şəhəri olsaydı, 28 ildə hər hansı bərpa işi həyata keçirib, məskunlaşma işləri aparardılar. Bu, onu deməyə əsas verir ki, Şuşanın Ermənistana heç bir aidiyyəti yoxdur. Ermənilərin özləri də bilirdilər ki, azərbaycanlılar nə vaxtsa qayıdacaqlar və öz qədim, tarixi şəhərlərini işğaldan azad edib yeni həyat quracaqlar. Ona görə də ermənilər Şuşaya o qədər qayğı göstərməyib, ancaq hərbçiləri və terroristləri yerləşdirməklə kifayətləniblər. Şuşanın işğaldan azad olunmasından ötən qısa zaman kəsiyində Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün büstləri öz yerinə qaytarılıb. Cıdır düzündə “Xaribülbül” musiqi festivalı keçirilib və bu festivalda Şuşanı azad edən “Dəmir yumruğu” formalaşdıran Azərbaycanın bütün xalqlarının mədəniyyət nümunələri nümayiş olunub. Həmçinin Molla Pənah Vaqifin məqbərəsi yenidən qurulub və ənənəvi olaraq Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanılıb. Aşağı və Yuxarı Gövhərağa, Saatlı məscidləri yenidən qurulur. Ermənilərin dağıtdıqları tarixi abidələr, binalar, mədəniyyət nümunələri bərpa edilir. Bundan əlavə, Şuşaya “Qoruq şəhər” statusu da verilib. Belə deyə bilərik ki, Şuşa bu gün xoşbəxtdir və öz sakinlərini möhtəşəm şəkildə qarşılamağa hazırlaşır. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan Şuşanın bu il 270 illiyi qeyd olunacaq. Prezident İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili “Şuşa İli” elan edib. Bu ilin Şuşaya həsr edilməsi şəhərin dirçəlməsini sürətləndirəcək. Şuşanın bizim üçün nə qədər əziz olduğunu Azərbaycan bütün dünyaya göstərəcək. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub: “Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İşğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu vəziyyətə salmazdılar””. Şuşa hər zaman Azərbaycana məxsus olub, ona görə də illər sonra Şuşaya bu tarixi şəhərin əsl sahibləri qayıtdılar. İşğal dövrünə qədər Şuşada daim azərbaycanlılar yaşadığı kimi, bundan sonra da azərbaycanlılar əbədi olaraq Şuşada yaşayacaqlar. “Şuşa ili” çərçivəsində həyata keçiriləcək tədbirlər isə mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq”. “Şuşanın azad edilməsi ilə bağlı hərbi əməliyyatlar haqqında artıq daha geniş məlumatlar yayılır, həmin əməliyyatın iştirakçıları Şuşanın azad edlməsinin təfərrüatları haqqında müsahibələr verirlər və biz Şuşanın hansı şəraitdə, əsgər və zabitlərimizin hansı əziyyətlərı bahasına, şəhidlərimizin qanı, canı hesabına, yüksək peşəkarlıq və dəqiqliklə hazırlanmış əməliyyat planı nəticəsində azad edildiyinin şahidi oluruq və görürük ki, qəhrəman oğullarımız nə qədər çətin bir tapşırığı uğurla yerinə yetiriblər. Bəlkə də əvvəlcədən desəydilər ki, Şuşanı bu cür azad edəcəyik heç kim bu əməliyyatın mümkünlüyünə inanmazdı, ancaq şanlı ordumuz mümkünsüzü mümkün etdi və bu gün dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar çünki bu əməliyyat hər kəsi təəccüb içində qoyub. Ona görə də Şuşanın azad olduğu gün, 8 noyabr tariximizə qızıl hərflərlə yazıldı. Ermənilər 30 il ərzində işğal altında saxladıqları ərazilərimizin tarixini saxtalaşdırmağa çalışıblar, mədəniyyət və tarixi abidələri tam kökündən dəyişməyə, erməniləşdirməyə cəhd göstəriblər: “Hətta ermənilər mədəniyyət və tarixi abidələrdə yazıları pozublar, daşların üzərinə müxtəlif yazılar yazıblar və onları müxtəlif məhlullara salaraq qədim yazılar kimi qələmə verməyə çalışıblar. İşğal altında olan rayonlarımızın, küçələrimizin adlarını dəyişərək həmin əraziləri erməni əraziləri kimi qələmə verməyə cəhd ediblər. Onlar bilə-bilə ki, bu ərazilər Azərbaycan torpaqlarıdır və nə vaxtsa Azərbaycan istər müharibə, istərsə də sülh yolu ilə öz torpaqlarını geri qaytaracaq, yenə də tarixi və mədəniyyət abidələrimizi, ərazilərimizi erməniləşdirmək istəyirdilər. Lakin onların bu cəhdləri heç bir nəticə vermədi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz ermənilərin bu istəklərini ürəklərində qoydu”.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisi Vüsal Hümbətzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button