
Azərbaycan xalqının müstəqillik salnaməsində 20 Yanvar 1990-cı il təkcə faciə deyil, həm də milli qeyrətin, azadlıq iradəsinin və şəhidlik zirvəsinin rəmzidir. Həmin gecə sovet imperiyasının dinc əhaliyə qarşı törətdiyi qanlı cinayət xalqımızın yaddaşına əbədi həkk olundu. Lakin bu qanlı gecə Azərbaycan xalqının mübarizə ruhunu sındırmadı, əksinə, onu daha da möhkəmləndirdi.20 Yanvar gecəsi tanklar, zirehli texnikalar və silahlı əsgərlər günahsız insanların üzərinə yeridildi. Qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Küçələr şəhid qanına boyandı, ailələr yarımçıq qaldı, minlərlə evə yas düşdü. Bu hadisə təkcə bir şəhərə yox, bütün Azərbaycana qarşı törədilmiş cinayət idi. Bu, insanlığa, ədalətə və hüquqa qarşı açıq təcavüz idi.20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin başlanğıcı oldu. O gecə şəhid olanlar öz canlarını Vətən yolunda fəda edərək gələcək müstəqilliyimizin təməlini qoydular. Məhz onların qanı hesabına bu gün Azərbaycan müstəqil, suveren və güclü dövlətdir. 20 Yanvar şəhidləri tariximizdə ilk müstəqillik şəhidləri kimi əbədi yaşayırlar.Bu faciənin ağrısını ən dərindən hiss edənlərdən biri də şəhid ailələridir. Mən şəhid yoldaşı olaraq deyə bilərəm ki, şəhidlik təkcə döyüş meydanında can vermək deyil, həm də geridə qalan ailələrin ömür boyu daşıdığı müqəddəs bir yükdür. Şəhid yoldaşı olmaq həm qürurdur, həm də bitməyən bir nisgildir. Bu ağrı illər keçsə də səngimir, amma Vətən üçün verildiyini bilmək insana mənəvi güc verir.Bu gün dövlətimizin şəhid ailələrinə, Qarabağ əlillərinə və veteranlara göstərdiyi diqqət və qayğı şəhidlərimizin ruhuna olan ehtiramın bariz nümunəsidir. Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi-hüquqi qiymət bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, şəhid ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.20 Yanvar şəhidləri ilə 44 günlük Vətən müharibəsinin şəhidləri arasında müqəddəs bir bağ var. Onların hamısı eyni amal uğrunda Vətən torpağının azadlığı, dövlətimizin əbədiliyi naminə canlarından keçiblər. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız hər bir şəhidin qanı ilə ucalıb.Bizim borcumuz bu tarixi unutdurmamaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək, şəhidlərimizin xatirəsini daim uca tutmaqdır. 20 Yanvar təkcə matəm günü deyil, həm də milli qürur, qeyrət və mübarizə günüdür. Şəhidlər ölmür onlar xalqın yaddaşında, Vətənin taleyində əbədi yaşayırlar.Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!
Etibar Hüseynova Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Bərdə rayon təşkilatının sədri, şəhid yoldaşı
